İqtisadiyyatın və büdcənin keşikçiləri – Bu gün vergi işçilərinin peşə bayramıdır
Fevralın 11-i vergi xidməti əməkdaşlarının peşə bayramı günüdür.
xia.az xatırladır ki, 1990-cı ilin iyulunda Maliyyə Nazirliyinin tərkibində ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətdən yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası vəsaitlərin tam və vaxtında ödənilməsi, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə, qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə vergi xidməti yaradılıb.
1991-ci ilin oktyabrında müvafiq qanunvericiliyə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə vergi orqanının rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb.
Azərbaycan Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə isə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Vergilər Nazirliyi yaradılıb.
Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolunu nəzərə alaraq, Prezidentin Sərəncamı ilə 2005-ci ildə 11 fevral bu peşə bayramı günü kimi təsdiq olunub.
2019-cu il oktyabrın 23-də Prezidentin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi” haqqında Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təsis edilib. Bu illər ərzində iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi şərait formalaşdırılıb.
Hazırda Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir. Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu isə durmadan artır.
Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətədavamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Bu məqsədlə nazirliyin beynəlxalq əlaqələri sürətlə genişləndirilir.










