Qanunsuz medallar paylayan təşkilat rəhbərinin əməlləri məhkəmədə araşdırılır
“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin rəhbəri Füzuli Rzaquliyevin qeyri-qanuni medallar hazırlayaraq bir çox şəxsə təqdim etməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və cinayət işinin məhkəmə baxışına qəbul edilməsi barədə qərar qəbul olunub.
Məhkəmə fevralın 23-də davam etdiriləcək.
Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının rəhbər şəxslərinin qanunazidd əməlləri ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılaraq ibtidai istintaq aparılıb.
Araşdırmalar zamanı diqqətçəkən faktlar üzə çıxıb.
Belə ki, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri çatmadığı halda müxtəlif adda medal və döş nişanları təsis etdikləri müəyyən olunub.
Onların bu nişanları maddi maraq müqabilində və ya şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə paylamaları, bununla da dövlət orqanları tərəfindən xüsusi xidmətlərə görə vətəndaşlara təqdim edilən rəsmi orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmalarına dair əsaslı şübhələr yaranıb.
Təqsirləndirilən şəxslər – Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunublar. İstintaq orqanının qərarı ilə onların barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.