Ukrayna mətbuatında Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı geniş işıqlandırılıb

gbCN9yr3R6hBpAVONNcIr0LJthxc8sZpzHqKTktd-1200

Ukraynanın aparıcı media orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakına, keçirdiyi görüşlərə və səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.

xia.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Ukrinform” dövlət informasiya agentliyi, “İnterfaks-Ukrayna”, “RBK-Ukrayna”, “UNİAN”, “Cenzor”, “Gordon”, “Ukrainska Pravda”, “24tv.ua”, “Korrespondent” və digər informasiya agentlikləri, xəbər portallarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinə, Rusiya tərəfindən Azərbaycanın Ukraynadakı enerji infrastrukturlarına, səfirliyinə hücumlarına dair fikirlərinə, Azərbaycan və Ukrayna prezidentləri arasında keçirilən görüş yer alıb.

Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan bu il Ermənistanla ikitərəfli sülh müqaviləsi imzalamağa ümid edir. Lakin bu, Ermənistan konstitusiyasına edilən dəyişikliklərdən asılıdır. Ötən ilin avqust ayında ABŞ-nin vasitəçiliyi ilə sülh əldə edilməsindən sonra ölkələr iqtisadi əməkdaşlığı bərpa etməyə başladılar və heç bir insident yaşamadılar.

Məqalələrdə, həmçinin dövlətimizin başçısının açıqlamasına istinadla yazılır ki, Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb.

“Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu. Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi”, – deyə məqalələrdə Prezident İlham Əliyevin fikirləri qeyd edilib.

Ukrayna mediasında, həmçinin Azərbaycan və Ukrayna prezidentlərinin görüşünün əhəmiyyəti də qeyd edilib.