Məhkəmədə Süleyman Mikayılovun əleyhinə qərar – Öhdəlik qoyuldu
Bu gün Bakı İnzibati Məhkəməsində hakim Aydın Babayevin sədrliyi ilə baş tutan prosesdə Qızıldaş qəsəbəsinin sakini Rauf Cəfərovun Qaradağ Rayon İcra Hakimiyyətinə (RİH) qarşı qaldırdığı iddia ərizəsi təmin edilib.
xia.az Bakupost.az-a istinadla məlumat verir ki, məhkəmə qərarına əsasən, RİH R.Cəfərovun adına verilmiş sərəncamın ilkin texniki sənədlərini vətəndaşa təqdim etməlidir.
Xatırladaq ki, bir müddət öncə uzun illər əvvəl torpaq sahəsi əldə edən və ərazini hasarlayan 60-a yaxın vətəndaşa ev tikmək üçün icazə verilməmişdi. Bununla kifayətlənməyərək, torpaq sahələrinin ətrafındakı hasarlar RİH rəsmilərinin iştirakı ilə ağır texnika vasitəsilə tamamilə sökülmüşdü. Torpaq üzərində hüquqları tanınmayan şəxslərdən biri də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayan Rauf Cəfərovdur.
Şikayətçi bildirib ki, 2000-ci il fevralın 1-də Qaradağ RİH-in sərəncamı əsasında fərdi yaşayış evinin inşası üçün ona altı sot torpaq sahəsi ayrılıb:
“Həmin vaxt əlavə vəsait ödəmədiyimə görə mənə Lökbatanın ən kənar hissəsində – qayalıqda, zibillik “gölü”nün üzərində yer verdilər. Mən dərhal həmin ərazini hasara aldım. Hasarın fotoları mövcuddur. Hətta peyk görüntülərində də bu, aydın şəkildə müşahidə edilir”.
Vətəndaşın sözlərinə görə, son dövrlərdə ətraf ərazilərdə tikinti işləri başlayanda o da ev inşa etmək istəyib. Lakin məlum olub ki, zamanında verilən sərəncam “yaddan çıxıb”. Torpaq sahəsi rəsmi xəritədə əks olunmadığı üçün problem yaranıb. Bundan əlavə, Qaradağ RİH-in işçiləri vətəndaşa aid hasarı uçurublar.
Məsələ ilə əlaqədar RİH-dən bildirilmişdi ki, vətəndaşa aid ərazinin texniki sənədləri olmadığı üçün həmin hasarlar sökülüb. Sonradan aydın olub ki, sözügedən sənədin verilməməsi həmin dövrdə icra başçısı olmuş Süleyman Mikayılovun tapşırığı ilə baş tutub. Məhkəmənin çıxardığı hazırkı qərarda isə RİH-dən həmin sənədin təqdim olunması tələb edilir.
Qeyd edək ki, yanvarın 30-da Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Süleyman Surxay oğlu Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
64 yaşlı S.Mikayılov 2010-cu ildən etibarən bu vəzifədə çalışırdı.