Fərid Şahbazlı: “Prezidentin Belqrada səfəri strateji əməkdaşlığın yeni mərhələsidir”
“Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycanın son illərdə yürütdüyü çoxşaxəli və praqmatik xarici siyasətin növbəti uğurlu diplomatik nəticəsi kimi dəyərləndirilməlidir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın Avropa siyasi və enerji arxitekturasında mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
xia.az xəbər verir ki, bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

Onun sözlərinə görə, diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Balkan ölkələri istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparmasıdır:
“Serbiya kimi regional təsir imkanlarına malik dövlətlə strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın Avropa ilə münasibətlərində etibarlı və balanslı aktor obrazını daha da gücləndirir. Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə apardığı danışıqlar qarşılıqlı siyasi etimadın artıq taktiki deyil, strateji səviyyəyə keçdiyini açıq şəkildə nümayiş etdirir”.
Siyasi şərhçi vurğulayıb ki, səfərin əsas uğur komponentlərindən biri enerji sahəsində əldə olunan razılaşmalar və verilən siyasi mesajlardır:
“Azərbaycan artıq təkcə enerji ixracatçısı kimi deyil, Avropanın enerji təhlükəsizliyində söz sahibi olan əsas ölkələrdən biri kimi çıxış edir. Serbiya ilə qaz təchizatı və enerji əməkdaşlığı üzrə aparılan müzakirələr Bakının Avropa üçün alternativsiz tərəfdaş statusunu bir daha təsdiqlədi. Bu, eyni zamanda, Azərbaycanın geosiyasi çəkisini iqtisadi alətlər vasitəsilə səmərəli şəkildə artırdığının real göstəricisidir”.
Digər mühüm məqam Serbiya tərəfinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə nümayiş etdirdiyi açıq siyasi dəstəkdir. Fərid Şahbazlının fikrincə, bu yanaşma Prezident İlham Əliyevin prinsipial və nəticəyönlü diplomatiyasının məntiqi nəticəsidir:
“Rəsmi Bakı beynəlxalq münasibətlərdə emosiyalara deyil, maraqlara və qarşılıqlı faydaya əsaslanan siyasətin nə qədər effektiv olduğunu bir daha sübut edir.
İqtisadi və investisiya sahəsində perspektivlər də səfərin uğur göstəricilərindəndir. İnfrastruktur, nəqliyyat və kənd təsərrüfatı istiqamətlərində müzakirə olunan layihələr Azərbaycan kapitalının Balkan ölkələri bazarında möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Bu isə siyasi dialoqun real iqtisadi nəticələrlə tamamlandığını göstərir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycanın regional və qlobal miqyasda öz maraqlarını dəqiq hesablayan, siyasi iradəsini konkret addımlarla möhkəmləndirən güclü dövlət olduğunu bir daha ortaya qoyur. Bu səfər həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan Azərbaycanın aktiv diplomatiyasının növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir. Prezidentin Belqrada səfəri Serbiya ilə strateji əməkdaşlığın yeni mərhələsidir”.