Prezidentin qaldığı hotelə hücum edənlər kimlərdir? – Qərb demokratiyasının əsl üzü
Qərbin “demokratiya oyunu” uzun illərdir ki, müzakirə mövzusudur. Sirr deyil ki, demokratiyanı total nəzarət mexanizminə çevirən “qoca qitə”nin bəzi dairələri bu anlayışı öz inhisarına alıblar. Manipulyasiya vasitəsinə çevrilmiş demokratiya çox vaxt müdaxilə mexanizmi funksiyasını yerinə yetirir.
Baku TV-də yayımlanan sühetdə qeyd olunur ki, məsələn, İranın sabiq şahının oğlu Rza Pəhləvi bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransına qatılıb. O, çıxışında hakimiyyətə gələcəyi təqdirdə İsraili tanıyacağını, İranın neft və qazını Avropaya ixrac edəcəyini bildirib. Bu məqam sual doğurur: Avropa nə vaxtdan şahlıq üsul-idarəsini demokratik institut hesab etməyə başlayıb ki, Rza Pəhləvi Münhendəki təhlükəsizlik konfransına dəvət alıb?
Belə görünür ki, Qərbin bəzi dairələri öz maraqlarına uyğun olaraq ümumxalq səsverməsi ilə seçilmiş rəhbərləri qeyri-demokratik, şah oğlunu isə demokratiyanın təmsilçisi kimi təqdim edə bilirlər. Deməli, mənafelərin üstün tutulduğu məqamda monarxiya belə demokratiya kimi qəbul oluna bilər.
Bu dairələrin əlində demokratiya alətləri cəmiyyətin rəyini formalaşdırmaq və manipulyasiya etmək üçün istifadə olunur. Elə bu məqsədlə dünyaya dırnaqarası “müstəqil media” anlayışı ixrac edilməyə çalışılır.
Müstəqil media o deməkdir ki, dövlətə məxsus deyil. Lakin məsələ ondadır ki, dövlətin nəzarətindən çıxanda da kiməsə məxsus olur. Bu zaman media ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən, geniş biznes imkanları olan beynəlxalq siyasi dairələrin təsir mexanizminə çevrilə bilər. Belə olan halda dırnaqarası müstəqil medianın mövcudluğunda maraqlı tərəflərin olması başadüşüləndir.
Mövzu ilə bağlı öz fikrini bildirən deputat Elman Nəsirov qeyd edib ki, BMT may ayının 3-nü Mətbuat Azadlığı Günü kimi qeyd edir. Lakin eyni zamanda, öz hesabatlarında dünyanın 180-ə yaxın ölkəsində azad və müstəqil medianın mövcud olmadığını etiraf edir:
“Bu fakt BMT baş katibi səviyyəsində də səsləndirilir. Azad və müstəqil media adı altında ayrı-ayrı dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin geniş miqyas aldığı bildirilir”.
Bu yanaşma “Qərb demokratiya modeli” kimi təqdim olunur və hədəf seçilən ölkələrə təsir göstərmək üçün istifadə edilir. Müxtəlif üsullara əl atan dairələr bu prosesdə medianın gücündən yararlanırlar.
Deputat onu da qeyd edib ki, son günlər özlərini dırnaqarası azad və müstəqil media kimi təqdim edən, əslində isə ermənipərəst dairələrin təsiri altında olan şəxslər Azərbaycan rəhbərliyinin qaldığı hotelə basqın ediblər. Onlar mühafizə zolağını keçməyə çalışıblar:
“Bu vəziyyətdə təhlükəsizlik xidmətlərinin və ABŞ polisinin müdaxiləsi zəruridir. Prezidentin olduğu binaya qarşı belə cəhdlər təxribat və hətta terror xarakterli davranış kimi qiymətləndirilə bilər”.
Süjetdə sonda vurğulanır ki, qərb ölkələrinin özündə demokratiya böhran yaşayır. Bir zamanlar nümunə kimi göstərilən demokratik dəyərlər son onilliklərdə təcavüzkar müharibələr, xaricdən təşkil olunan dövlət çevrilişləri, iqtisadi böhranlar və sosial problemlərlə assosiasiya edilir. Bu mənada “Qərb demokratiyası”nın can üstə olduğunu görürük. Onların əlaltılarına isə cansağlığı arzulayacaq qədər böyük millətin nümayəndələriyik.