Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov, Fazil Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
xia.az-ın Oxu.az-a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda prokuror müttəhimlərdən Nurlan Zeynalovun 13 il, Fazil Hacıyev, Ruslan Məmmədovun və Ağa Tarverdiyev isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Vəkilləri müdafiə çıxışı üçün vaxt istəyiblər.
Növbəti iclas martın 2-nə təyin olunub.
Xatırladaq ki, iş materiallarına əsasən, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onlar saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb.