Qonşusunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Zahid Bayramovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
xia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı məhkəməyə təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Müşavirədən sonra hökm oxunub: Zahid Bayramov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.
Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, Zahid Bayramova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.