Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

“Hər kəs adekvat və əlçatan mənzillə təmin edilməlidir”

Posted on 27 Fevral 202627 Fevral 2026 By admin

“2026-cı il qlobal şəhər inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”.

xia.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habital) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, birincisi, qlobal mənzil böhranı artıq kritik həddə çatıb:

“Bu gün dünyada təxminən 3 milyard insan adekvat mənzilə malik deyil. 1.1 milyard insan qeyri-rəsmi yaşayış məntəqələrində və son dərəcə qeyri-sabit şəraitdə yaşayır. 300 milyondan çox insan isə ümumiyyətlə evsizdir. Bu rəqəmlər böhranın miqyasını açıq şəkildə göstərir. Dünya Şəhər Forumu məhz bu təcili məsələləri ön plana çıxaracaq və əsas diqqəti bu mövzulara yönəldəcək.

İkincisi, 2016-cı ildə Ekvadorun Kito şəhərində keçirilən Habitat III konfransında dünya hökumətləri dayanıqlı şəhər inkişafı istiqamətində fəaliyyət göstərmək öhdəliyi götürdülər. Həmin konfransın nəticəsi olaraq Yeni Şəhər Gündəliyi qəbul edildi.

Artıq 10 il keçib. 2026-cı ildə biz görülən işləri qiymətləndirməli, əldə olunan nəticələri nəzərdən keçirməli və hələ görülməli işləri müəyyənləşdirməliyik. Eyni zamanda, Yeni Şəhər Gündəliyinin növbəti 10 illik icra mərhələsini müəyyən etmək vaxtıdır.

Ümumdünya Şəhər Forumu bu baxımdan böyük əhəmiyyət kəsb edir. O, dünyanı bir araya gətirərək bu suallara cavab axtaracaq: şəhər gündəliyinin icrasında hansı nəticələr əldə olunub və qarşıdakı 10 ildə daha nələr etmək mümkündür?

Bu il həm də ona görə mühümdür ki, BMT Baş Assambleyası iyul ayında yenidən toplaşaraq şəhər gündəliyinin icrasının 10 illik dövrünü nəzərdən keçirəcək”.

Edlam Yemeru əlavə edib ki, daha dayanıqlı icmalar – daha yaxşı şəhər həyatı və gələcəyi üçün əldə olunan irəliləyişlər də nəzərdən keçiriləcək:

“BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) üçün Ümumdünya Şəhər Forumu növbəti dörd ilin fəaliyyət istiqamətini və tonunu müəyyən edən mühüm bir platforma olacaq. UN-Habitat olaraq qarşıdakı dörd il üçün yeni strateji planımız var. Bu müddətdə əsas diqqətimizi mənzil məsələlərinə yönəldəcəyik və hər kəsin adekvat mənzillə təmin olunmasını təşviq etmək məqsədilə bütün tərəfdaşlarla əməkdaşlıq edəcəyik.

Bildiyiniz kimi, Forumun mərkəzi mövzusu “mənzil” və “ev” anlayışıdır. Hər birimiz evin bizim üçün nə ifadə etdiyini anlayırıq və adekvat mənzilə sahib olmamağın nə demək olduğunu təsəvvür edə bilərik. Ümumdünya Şəhər Forumu məhz bu suala diqqət yetirəcək.

Forum çərçivəsində qlobal səviyyədə irəli sürmək istədiyimiz əsas mesajlar bunlardır:

Birinci mesaj: Qlobal mənzil böhranına son qoymaq üçün hər kəs adekvat və əlçatan (maliyyə baxımından münasib) mənzillə təmin edilməlidir.

İkinci mesaj: Əgər 1.1 milyard insanın yaşadığı qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyasına nail olmasaq, bunun riski və dəyəri bütün dünya üçün çox yüksək olacaq.

Üçüncü mesaj: Mənzil məsələsi ertələnməməlidir. Dünyada üç milyard insan adekvat ev üçün gözləyə bilməz. Biz indi hərəkətə keçməliyik.

Biz həmçinin vurğulamaq istəyirik ki, mənzil insanın və dayanıqlı inkişafın bütün aspektlərinin təməlidir:

– Ev sağlamlığı, təhsili, imkanları müəyyən edir.

– Ev yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də əsasdır.

– Ev təhlükəsizlik və qorunma deməkdir.

Yəni insan inkişafı birbaşa mənzil ilə bağlıdır və ondan asılıdır.

Digər mühüm mesajımız budur ki, daha yaxşı mənzil – daha yaxşı dünya deməkdir. Mənzil daha yaxşı bir dünya qurmağa xidmət edir.

Nəhayət, açıq şəkildə bildirmək istəyirik ki, mənzil böhranını həll etmədən 2030 Gündəliyində və Dayanıqlı İnkişaf Məqsədlərində əks olunan ortaq dayanıqlı inkişaf vizyonumuza nail ola bilməyəcəyik.

Ümumdünya Şəhər Forumu bu mesajları irəli sürərkən, mənzil ilə digər qlobal çağırışlar arasındakı əlaqələrə də diqqət yetirəcək. İqlim dəyişikliyi, münaqişələr, yoxsulluq, bərabərsizlik, fəlakətlər, iqtisadi artım, ticarət, sənayeləşmə – bunların hamısı hazırda qlobal gündəmdə duran kritik məsələlərdir.

Bu məsələlərin hamısı mənzil ilə birbaşa bağlıdır. Mənzil bu qlobal gündəliklər üçün hansı imkanları yaradır? Mənzil böhranını həll etmədən bu qlobal problemlərin öhdəsindən necə gələ bilərik?

Məhz bu suallar Ümumdünya Şəhər Forumunun əsas müzakirə mövzularından olacaq”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: İlham Əliyevin Efiopiyanın baş naziri ilə görüşü
Next Post: Deputat: “Tibbi avadanlıq problemi-insanlar rentgen üçün Bakıya gedir”
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme