Avropanı Azərbaycanın qapısını döyməyə vadar edən altı aspekt

IMG_9443

Pərviz Heydərov yazır…

Azərbaycanın digər enerji istehsal edən ölkələrdən fərqi ondadır ki, ilk gündən öz resurs potensialını reallaşdırma prosesinə təkcə maraqlı tərəflərin deyil, kənar dairələrin, hətta aidiyyəti olmayan mərkəzlərin də nəzər-diqqətini cəlb edir və bunu çox yüksək tərzdə həyata keçirə bilir. Nəticədə də əməkdaşlıq edənlərin və etmək istəyənlərin sayı durmadan artır, kiçik enerji ölkəsi olmağımıza baxmayaraq, bu sahədə bir növ paytaxta çevrilirik və artıq demək olar ki, çevrilmişik…

12 ildir keçirilən Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası və artıq dördüncü ildir ona paralel şəkildə mövcud olan Yaşıl Enerji Məşvərət Şurası adlı platforma məhz bu məqsədə xidmət edən addımlardandır.

Avropanı Azərbaycanın qapısını döyməyə vadar edən altı aspekt

Birinci tədbir ölkəmizə məxsus qazın Avropaya çatdırılmasını təmin edən strateji layihələrin icrası, genişləndirilməsi və tərəfdaş ölkələr arasında koordinasiyası üzrə əsas platformadır. 2015-ci ildən etibarən hər il Bakıda nazirlər səviyyəsində keçirilir. Bu çərçivədə Yaşıl Enerji Məşvərət Şurası isə 2023-cü il fevralın 3-dən etibarən keçirilir.

Bu il 27 ölkə, 11 beynəlxalq maliyyə institutu ilə 49 enerji şirkətinin iştirakı ilə Bakı Konqres Mərkəzində keçirilən iclasda əsas müzakirə mövzusu CQD-nin növbəti inkişaf mərhələsi, bərpaolunan enerji layihələri məsələləri idi.

Dövlət başçımız İlham Əliyevin tədbirdə bu dəfəki çıxışı da diqqəti cəlb etdi. Bu çıxışda ölkəmizin dünyanın enerji sektoru tarixində oynadığı rol və son illər ərzində bu sahədə əldə etdiyi töhfələr ardıcıllıqla ifadə olundu. Bütün söylənilənləri altı istiqamətdə qruplaşdıraraq aşağıdakıları qeyd etmək olar.

Birincisi, müxtəlif ssenarilərin, çətinliklərin və problemlərin yaratdığı maneələrə baxmayaraq Azərbaycanın bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə daha çox artır. Ötən il bu vaxt 12 ölkəyə qaz tədarük edirdiksə, indi bunların sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə dünyada birinci yerdəyik.

Qaz təchizatımız təkcə Avropaya deyil, Yaxın Şərqə də çatır. Suriyaya 1.5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü bu ölkədə elektrik enerjisi qıtlığını aradan götürmək məqsədi daşıyır.

İkincisi, Azərbaycan ixrac çoxrafiyasını genişləndirmək istəyir. Bu, xüsusən, Avropa bazarına aiddir. Almaniya və Avstriya da daxil olmaqla, hazırda Avropa İttifaqının 10 üzv ölkəsi Azərbaycandan qaz alır. Bu ölkələrin sayı artacaq. Ümumiyyətlə, məqsəd ixracı maksimuma çatdırmaqdır.

Üçüncüsü, qarşıya qoyduğumuz məqsədə və iddiaya uyğun qazımız varmı? Bəli, Azərbaycan etibarlı tərəfdaşdır – sadiq təchizatçıdır! Bu, bəlli məsələdir. Odur ki, ölkəmiz ölçülü addım atır. Məsələn, Cənub Qaz Dəhlizi özü, tam yüklənmiş vəziyyətdə olsa da, genişləndirmə və interkonnektor imkanları axtarılır. Eyni zamanda, bu il “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilata başlanacağı gözlənilir.

2-3 ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsi başlayacaq ki, bu da hasilatı üç dəfə artıracaq. Həmçinin, “Ümid” yatağının da ikinci mərhələsi üzrə qaz hasilatına start veriləcək. Əsas qaz mənbəyimiz “Şahdəniz” yatağından yeni mərhələ üzrə hasilata isə 2028-ci ildə başlanacaq. Beləliklə də, bütün qeyd olunan profillər üzrə 10-15 milyard kubmetr əlavə qaz əldə olunacaq.

Dördüncüsü, ölkəmiz yaşıl enerji istehsalında da mühüm addımlar atıb və atmaqda da israrlı görünür. İstə, bu ilin yanvarında açılışı olmuş, “ACWA Power” şirkəti tərəfindən maliyyələşdirilərək həyata keçirilən 240 meqavat gücündə regionda ən böyük külək elektrik stansiyası, istər 2023-cü ildə “Masdar” şirkətinin inşa etdiyi 230 meqavat gücündə günəş elektrik stansiyası, istərsə də digər icrada olan və nəzərdə tutlan layihələr buna sübutdur.

Ümumiyyətlə, Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi nəzərdə tutub ki, bu sahədə də ixrac həyata keçirəcəyik. Həmçinin, qeyd olunan potensial daxili tələbatımız üçün istifadə etdiyimiz (elektrik üçün istehlak olunan) qazın da bir hissəsini Avropaya satmağımıza imkan yaradacaq.

Beşincisi, biz, enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi də sayılırıq ki, ölkəmiz vasitəsilə Qazaxıstan və Türkmənistandan nəql olunan neftin həcmi ildən-ilə artır. Dövlət başçımız nəzərə çatdırdı ki, Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik.

Nəhayət, altıncısı, Azərbaycan Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından birini əldə edib. Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalayıb.

Bundan əlavə, İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan iki neftayırma müəssisəsi əldə etmişik. Egey dənizinin Türkiyə sahillərindəki 12 milyon tonluq neftayırma müəssisəmizi də nəzərə alsaq, bu, Aralıq və Egey dənizlərində ümumən 22 milyon tonluq neftayırma potensialına nail olacağımız deməkdir. Yəni, davamlı neft məhsulları təchizatı, minlərlə yanacaqdoldurma stansiyası…

Sözün qısası, Azərbaycan enerji sahəsində nəinki hasilatçı və istehsalçı, təchizatçı, tranzitçi, əsas təminatçı ölkə kimi daha çox tanınacaq, artıq tanınır… Ona görə də, vaxtilə bir sıra mühüm layihələrimizə “ağız büzən və əyənlər”, Azərbaycanda yetərincə neft-qaz yoxdur deyənlər son illər ərzində “qapımızda növbəyə” düzülüblər.