Nazirliyin “İŞ AXTARMA, İŞ YARAT” ideyası mövcud təhsil sistemi ilə realdırmı? – Çarpaz mövqelər

IMG_9574

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimində bildirib ki, bu gün məzunlar iş axtarmamalıdırlar, iş yeri açmağı düşünməlidirlər. O qeyd edib ki, müasir dövrdə layihələr innovativ olmalı, ideyalar isə innovasiyaya çevrilməlidir.

Bəs, mövcud təhsil sistemimizlə sözügedən məsələnin reallaşması nə dərəcədə realdır?

Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə ekspert Adil Vəliyev bildirib ki, nazirlik rəsmisinin dediklərində həqiqət var.

O vurğulayıb ki, bu ideyanı reallaşdırmaq üçün əvvəlcə dərsliklərimiz və sillabuslarımız (fənnin tədris proqramı -red.) yüksək səviyyədə olmalıdır:

Nazirliyin İŞ AXTARMA, İŞ YARAT ideyası mövcud təhsil sistemi ilə realdırmı? - Çarpaz mövqelər

“Bununla tələbələrdə müəyyən bacarıqlar formalaşmalıdır. İkinci məsələ isə təcrübədir. Tələbə iş quracaqsa, onun yetərli biliyi və təcrübəsi olmalıdır. Bizim əsas problemimiz də budur. Universitet dövründə həm təcrübə müddəti azdır, həm də tələbə yetərincə ixtisası üzrə biliklərə yiyələnə bilmir. Əgər biz tələbələrimizin iş qurmasını istəyiriksə, bununla bağlı dövlət güzəştlər etməli, sözügedən şəxslərə müəyyən imtiyazlar verməlidir. Bu, onları həm həvəsləndirəcək, həm də inkişaflarına kömək edəcək”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov güzəştlərlə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu istiqamətdə müəyyən addımlar atmaq olar.

Nazirliyin İŞ AXTARMA, İŞ YARAT ideyası mövcud təhsil sistemi ilə realdırmı? - Çarpaz mövqelər

“Hazırda da müəyyən güzəştlər mövcuddur. Startaplar dəstəklənir, sənaye parkları inkişaf etdirilir, həmçinin kreditlərlə bağlı müəyyən imkanlar var. Düşünürəm ki, əlavə olaraq daha dəqiq mexanizmlər üzərində işləməliyik. Bu, olduqca strateji məsələdir. Elm və təhsil nazirliyi sözügedən məsələ ilə bağlı daha konkret mexanizmlər hazırlayaraq təqdim edə bilər. Qeyd olunan bütün məsələlər gənclərin motivasiyasını artırmağa və yeni bacarıqlara təşviq etməyə xidmət edir” – deyə, deputat diqqətə çatdırıb.