Prezidentin bu sözləri Güneydə rezonans yaratdı
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev İrandan Naxçıvana PUA hücumu ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib.
xia.az xəbər verir ki, çıxışı zamanı İlham Əliyev İranın bu addımını terror hücumu adlandırıb, Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlərin İran tərəfindən namərd atəşə məruz qalmasına sərt reaksiya göstərib.
Prezident çıxışında ötən il İranın dövlət qurumlarının nəzarətində olan media resurslarının Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası apardıqlarını da xatırladıb:
“Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.
Prezident İlham Əliyevin İranın addımlarına sərt reaksiyası Güneydə böyük rezonansa səbəb olub.
Güneyli siyasi-mədəni fəallar Prezident İlham Əliyevin çıxışını böyük sevgi və coşğu ilə qarşılayıblar və Azərbaycanla, onun rəhbəri ilə fəxr etdiklərini vurğulayıblar.