ABŞ və İsraile təhdid: Yeni cəbhələr açıla bilər
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei döyüş əməliyyatlarının davam etdiriləcəyi təqdirdə ABŞ və İsraillə münaqişədə yeni cəbhələrin açılması ilə hədələyib.
Olkemedia xəbər verir ki, bu barədə ali rəhbərin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, düşmənin daha az təcrübəyə malik olduğu və müdafiəsinin zəif olduğu istiqamətlərdə yeni cəbhələrin açılması məsələsi araşdırılır.
“Düşmənin az təcrübəyə malik olduğu və son dərəcə müdafiəsiz qalacağı digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılır. Hərbi vəziyyət və mövcud maraqlar nəzərə alınmaqla həmin istiqamətlərin aktivləşdirilməsi həyata keçirilə bilər”, – deyə bəyanatda vurğulanıb.
Ayətullah Müctəba Xamenei eyni zamanda Livanın “Hizbullah” hərəkatına və “İraq İslam Müqaviməti” təşkilatına ABŞ və İsraillə münaqişədə Tehrana göstərdikləri dəstəyə görə təşəkkür edib.
“Həmçinin “müqavimət oxu”nun döyüşçülərinə səmimi minnətdarlığımı bildirirəm. Gördüyümüz kimi, cəsur və imanlı Yəmən məzlum Qəzza xalqını qorumağı dayandırmadı, fədakar “Hizbullah” bütün maneələrə baxmayaraq, İslam Respublikasının köməyinə gəldi və “İraq İslam Müqaviməti” bu kursu cəsarətlə davam etdirir”, – deyə bəyanatda qeyd olunub.