Qanunsuz istifadəyə görə məsuliyyət müəyyənləşdi
Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında ilk dəfə olaraq ad hüququna dair mühüm izahlar verib.
Olkemedia xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, fiziki şəxsin addan, ata adından, soyaddan, təxəllüsdən (uydurma addan) ibarət adı olmaq hüququ olduğu kimi, hüquqi şəxsin də firma, kommersiya və ya müəssisə adından ibarət ad hüququ mövcuddur:
“Bir şəxsin adından başqa biri tərəfindən icazəsiz istifadə, səhv və ya təhrif olunmuş şəkildə təqdim edilməsi, şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlərə yol verilməsi, fiziki şəxsin adının anonimləşdirilməli (məxfiləşdirilməli) olduğu halda açıq şəkildə yayılması və sair bu kimi hüquqazidd davranışlar şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə sayılmaqla mülki məsuliyyət yaradır.
Şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi dedikdə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə edilən davranışlar, məsələn, saxta sosial şəbəkə hesabları yaradılması, müştəri cəlb etmək məqsədilə şəxsin adından istifadə edərək vizit kartı tərtib edib paylanılması, hüquqi şəxsin adında hərf dəyişikliyi edərək haqsız rəqabətə girilməsi, tanınmış tikiş fabrikinin adının əks olunduğu etiketlərin öz geyim məhsullarına yerləşdirilməsi və bu kimi digər hüquqazidd hərəkətlər başa düşülür.
Ad hüququnun pozulmasına məruz qalan şəxslər mülki qaydada tələb irəli sürərək pozuntunun tanınması, aradan qaldırılması – adın silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, ona düzəliş edilməsi və ya cavabın verilməsi, media subyektinin üzr istəməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və sair bu kimi şəxsiyyət hüquqlarının müdafiə üsullarından yararlana bilərlər.
Qeyd edilən hərəkətlərə məruz qalan fiziki şəxslər bu üsullarla yanaşı onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsini də tələb edə bilərlər.
Hüquqi şəxslər isə mənəvi zərər tələb edə bilməz, yalnız pozuntu nəticəsində onlara dəymiş maddi zərərin ödənilməsini tələb edə bilərlər”.