Qarabağın tarixinə dair kitab hədiyyə edən direktoru işdən qovdu
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun göstərişi ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad edilib.
Olkemedia “Kommersant” nəşrinə istinadən xəbər verir ki, buna səbəb E.Qzoyanın ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin İrəvana səfəri zamanı ona Qarabağın tarixinə dair kitab hədiyyə etməsi olub.
Paşinyan bu hərəkəti Ermənistanın xarici siyasətinə zidd adlandırıb.
“Ölkənin baş naziri Qarabağ hərəkatının mövcud olmadığını bəyan etdiyi halda, xarici qonağa Qarabağ məsələsinə dair kitab hədiyyə etmək nə deməkdir?”, – deyə Nikol Paşinyan brifinqdə bildirib.
Eyni kontekstdə Ermənistanın baş naziri liturgiya zamanı “Artsax”ın adını çəkən ruhaniləri də tənqid edib. Paşinyanın sözlərinə görə, bununla onlar bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanıyan hökumətin mövqeyi ilə ziddiyyətə girirlər.
“Ermənistanda xarici siyasəti hökumət yürüdür və hərəkətləri bu xəttə zidd olan hər hansı dövlət qulluqçusu işdən qovulacaq. Burada müzakirə olunacaq bir şey yoxdur”, – deyə Paşinyan yekunlaşdırıb.