Çanaqqala Zəfərinin 111-ci ildönümüdür
Bu gün qardaş Türkiyə Çanaqqala zəfərinin 111-ci ildönümünü qeyd edir.
Xia.az xatırladır ki, Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 19 fevral 1915-ci ildə Çanaqqala boğazında (Dardanel) dəniz döyüşü ilə başlayıb. 325 gün davam edən döyüşlər 1916-cı il yanvarın 9-da türk ordusunun qələbəsi ilə başa çatıb.
1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyənin gələcəyi üçün dönüş nöqtəsi olub. Birinci Dünya müharibəsində “Üçlər İttifaqı” tərəfində döyüşə girən Osmanlı imperiyası Çanaqqala cəbhəsində mübarizə aparıb.
Bəs Çanaqqalada nə baş verib?
Çanaqqala boğazı Osmanlı dövləti üçün çox böyük strateji əhəmiyyətə malik idi. Antanta dövlətləri də bunu bilirdi. Məqsəd Çanaqqala boğazını, daha sonra isə İstanbulu ələ keçirmək, Rusiyaya birbaşa yardım yolunu açmaq, eyni zamanda Süveyş kanalı üzərindəki təzyiqi azaltmaq idi. Bununla onlar qısa yoldan Osmanlı dövlətini sıradan çıxarıb öz məqsədlərini həyata keçirməyi planlaşdırırdılar. Bu məsələ ilə bağlı sənədlər həm Türkiyə arxivlərində, həm də digər ölkələrin arxivlərində mövcuddur.
Müharibə 18 mart 1915-ci ildə başladı və 9 yanvar 1916-cı ilə qədər davam etdi. Gelibolu yarımadasında çox dar bir ərazidə baş verən Çanaqqala döyüşü hərbi, iqtisadi və siyasi nəticələri baxımından böyük təsirlərə malik olan tarixi bir dövrün qapısını açdı. Çanaqqala döyüşlərində Osmanlı dövlətindən 310 min, qarşı tərəfdən isə 540 min əsgər iştirak edib. Təxminən 70 kilometr uzunluğa və 50-100 metr enə malik Çanaqqala boğazında ümumilikdə 850 min əsgər döyüşüb. Müharibə zamanı türklər 57 263 nəfər həlak olmaqla, qalanları yaralı, xəstə, əsir və itkin olmaq üzrə ümumilikdə 250 min itki veriblər. İngilis və fransızların itkiləri isə ölən, yaralanan, əsir düşən və itkin düşənlər daxil olmaqla 252 min nəfər olub.
Müharibə nəticəsində qazanılan qələbə Antanta dövlətlərinin planlarını alt-üst etdi. Çar Rusiyasına yardım çatdırılmadığı üçün boğazları ələ keçirmək planı iflasa uğradı. Digər tərəfdən, Birinci Dünya Müharibəsinin müddəti 2-3 il uzandı. Osmanlıya qarşı döyüşən dövlətlərin müstəmləkələrində Çanaqqala qələbəsindən sonra azadlıq hərəkatları başladı.
Qeyd edək ki, Osmanlı arxivlərində Qafqaz cəbhəsindən Çanaqqala döyüşündə vuruşan Azərbaycan könüllüləri ilə bağlı bir çox sənədlər var.