Ana oğlunu öldürən ərini bağışladı
Gədəbəy rayonunun Slavyanka kəndində oğlunu öldürməkdə ittiham olunan atanın məhkəmə araşdırması sona çatıb.
Xia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məhkəmə istintaqı ilə atanın cinayəti sübuta yetirilib.
Bu hadisə dörd ay əvvəl baş verib. İttihamda qeyd olunub ki, 60 yaşlı İlqar İlyasov 37 yaşlı oğlu Rəşadı mübahisə zəminində qətlə yetirib.
Mübahisənin səbəbi isə həmin an sərxoş vəziyyətdə olan Rəşadın atasına işlədiyi halda qazanc əldə etməməsi ilə bağlı irad tutması olub. Oğlunun bu və başqa iradlarına dözməyən ata onu bıçaqlayaraq qətlə yetirib.
Məhkəmədə qətlə yetirilən Rəşadı hüquqi varis kimi anası təmsil edib. Amma ana oğlunu öldürən ərini bağışlayıb, hakimlərə onunla barışdığını və heç bir şikayət və tələbi olmadığını deyib.
Ananın sözlərinə görə, hadisədən bir müddət əvvəl oğlu ilə birlikdə Bakıda yaşayıblar. Rəşad əslində atasına göz-qulaq olmaq istədiyi üçün kəndə qayıdıbmış. Hüquqi varis ərinin oğlunu qəsdən öldürmədiyini, ata-bala ikisinin də spirtli içki içən olduqlarını, lakin bir-birlərini çox istədiklərini bildirib.
Məhkəmənin hökmü ilə oğlunun qətlində təqsirli bilinən ataya doqquz il həbs cəzası verilib.