Tikinti şirkəti vətəndaşın evini təhvil vermir?
Köhnə evini satıb yeni mənzilə köçmək istəyən ailə üç ildir kirayələrdə yaşamağa məcbur qalıb. Fərəcovlar ailəsi ilə bağlanan müqaviləyə əsasən, altı ay ərzində onlara yeni ev hazır vəziyyətdə verilməli idi. Lakin bu müddət uzanıb. Bəs qarşı tərəf nə deyir?
Xia.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı sakini Qoçu Fərəcov yaşadığı evi sataraq yenisi ilə dəyişmək istəyib. Bunun üçün “Günəşli İnşaat” MTK ilə müqavilə bağlayıb. Yeni evin bir neçə aya veriləcəyi deyilsə də, üzərindən illər keçib.

Şikayətçi bildirir ki, həyat yoldaşı 14 ildir yataq xəstəsidir. Köhnə, rütubətli evlərini satmaqda əsas məqsədləri onu daha yaxşı şəraitə köçürmək olub. Ailənin iddiasına görə, tikinti şirkətinin rəhbəri Firutan Məmmədov onlara üçotaqlı mənzil vəd edib, lakin bu günə qədər ev təhvil verilməyib.
Məsələ ilə bağlı tikinti şirklətinin rəhbəri olduğunu bildirən Firutan Məmmədov bildirib ki, ev hazırdır, lakin müqaviləyə əsasən, tərəflər şərtləri yerinə yetirməlidir.
Onun sözlərinə görə, şirkət tərəfindən onlarla müqavilə bağlayan Qoçu Fərəcovun oğlu Nurlan Fərəcliyə dəfələrlə yeni evlər təqdim olunsa da, o, işsiz olduğunu dilə gətirib və təklif olunan evin qalan ödənişini ödəməyə gücünün çatmayacağını bildirib.
Firutan Məmmədov onu da bildirib ki, müqavilənin şərtlərinə əsasən ailənin ödədiyi ilkin ödəniş məbləği şirkət tərəfindən geri qaytarıla bilər.