Hindistanda qadın bir gecədə milyonçu oldu, amma pulu geri verdi
Hindistanın Uttar-Pradeş ştatının Devqanc kəndində yaşayan bir qadın bank hesabında 100 milyon hind rupisi (1 milyon dollardan çox) olduğunu aşkar edib. Lakin o, pulların ona məxsus olmadığını bildirərək bu məbləğdən imtina edib.
Xia.az bu barədə NDTV telekanalına istinadən xəbər verir.
Qadın bankomata yaxınlaşaraq hesabındakı balansı yoxlayıb və bu qədər böyük məbləğin hesabına köçürüldüyünü görəndə heyrətə gəlib. O, dərhal könüllü şəkildə banka müraciət edərək vəsaitin ona aid olmadığını bildirib.
Bank əməkdaşları müəyyən ediblər ki, pullar texniki xəta nəticəsində onun hesabına daxil olub. Hazırda köçürülmüş vəsaitin geri qaytarılması proseduruna başlanılıb.