65 yaşa çatan direktor və müəllimlərin əmək müqaviləsi hansı halda UZADILIR?
Regionlarda əmək fəaliyyəti müddətinin son həddinə çatan məktəb direktorlarının, təhsilverənlərin müqaviləsinin müddətinin uzadılması halları müşahidə olunur. Belə nümunələrdən biri də Balakəndə qeydə alınıb. Belə ki, sözügedən rayonda üç məktəb direktorunun pensiya yaşının çatmasına baxmayaraq pedaqoji fəaliyyətlərini davam etdirməsi üçün fəaliyyət müddətləri uzadılıb.
Maraqlıdır, 65 yaşı tamam olan məktəb direktoru və müəllimlər əmək fəaliyyətlərinə hansı hallarda davam edə bilərlər və bu müddət nə qədər olur?
Məsələ ilə bağlı Xia.az -ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, məktəb direktorları, eyni zamanda təhsilverənlər son çalışma həddinə çatdıqda fəaliyyət müddətinin müvafiq olaraq qarşılıqlı razılıq əsasında 1 il uzadılması həyata keçirilir:

“Əgər hər hansı məktəb rəhbəri öz vəzifəsinin öhdəsindən layiqincə gəlirsə, pedaqoji kollektiv tərəfindən onun fəaliyyəti ilə bağlı narazılıq yoxdursa və o, mövcud təhsil qanunvericiliyini, eləcə də digər hüquqi-normativ aktları yaxşı bilib tətbiq edirsə, bu halda müvafiq Regional Təhsil İdarəsi təklif əsasında və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) razılığı ilə iş müddəti bir uzadılır. Növbəti dövrlərdə də eyni qaydada razılıq olarsa, bu müddətin yenidən uzadılması mümkündür”.
O qeyd edib ki, xüsusilə regionlarda həm direktorlar, həm də müəllim heyəti ilə bağlı müəyyən çətinliklər mövcuddur:
“Bəzi hallarda gənc kadrlar bölgələrdə işləməyə maraq göstərmirlər. Bu amil də belə qərarların qəbulunda mühüm rol oynayır.
Eyni qayda müəllimlərə də aiddir. Məsələn, yaşı 65-ə çatmış müəllim yüksək nəticələr göstərirsə, diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanlarında uğur qazanıbsa, həmçinin şagird nailiyyətləri yüksəkdirsə, bu hallar nəzərə alınaraq onun əmək fəaliyyəti bir il müddətinə uzadıla bilər.
Bununla yanaşı, arzuolunandır ki, kadr ehtiyatı kifayət qədər geniş olsun və vakant yerlər operativ şəkildə doldurula bilsin. Digər tərəfdən, gənc mütəxəssislərin regionlarda fəaliyyətə cəlb olunması üçün stimullaşdırıcı, motivasiyaedici və həvəsləndirici tədbirlərin tətbiqi də vacibdir. Bu cür yanaşma gənc kadrların bölgələrdə işləməyə marağını artıra bilər”.