Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı fasiləsiz monitorinq və təhdid kəşfiyyat fəaliyyəti nəticəsində Azərbaycan vətəndaşlarına qarşı yönələn genişmiqyaslı fişinq kampaniyası aşkar edilib.
Xia.az xəbər verir ki, bu barədə ETX məlumatı yayıb.
Məlumatda qeyd olunub ki, təhlillər göstərib ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal Azərbaycan domeninə aid imeyl ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ imeyl ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.
İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı ETX vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
• Naməlum və şübhəli mənbələrdən daxil olan imeyl məktublarını açmamaq;
• İmeyl daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq;
• Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;
• Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək;
• Belə hallarla qarşılaşdıqda dərhal ETX-yə məlumat vermək.
Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.