Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Xia.az bu barədə “Haber Global” telekanalına istinadən xəbər verir.
Məlumata görə, liderlər Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan telefon danışığı zamanı bildirib ki, Türkiyə İrana yönəlik hücumları qəbul etmir, İranın bölgə ölkələrinə cavab tədbirlərini də dəstəkləmir. Qeyd edib ki, müharibənin daha da nəzarətdən çıxmaması üçün bütün tərəflərlə sülh və sabitlik əsaslı təmaslar davam edir.
Suriyadakı son vəziyyəti yaxından izlədiyini qeyd edən Ərdoğanın sözlərinə görə, Suriyada sabitliyi gücləndirəcək hər addım Türkiyə və Rusiyanın ortaq mənafeyinə cavab verir və bu istiqamətdə əldə edillən uğurları riskə məruz qoymamaq vacibdir.
Ərdoğan Rusiya-Ukrayna müharibəsinin sülhlə nəticələnməsi üçün Türkiyənin axtarışlarının davamlılığının vacib olduğunu, Türkiyənin bütün tərəflərə gərginliyi artıracaq addımlardan uzaq durmalarını tövsiyə etdiyini, Qara dənizdəki mülki gəmilərə hücumların sabitlik mühitinə zərər verdiyini, İran müharibəsinin Rusiya-Ukrayna böhranında yeni münaqişə sahələri yaratmamasının lazım olduğunu qeyd edib.