Kolumbiya hökuməti Eskobarın gətirdiyi begemotların sayını azaltmağı planlaşdırır
Kolumbiya hakimiyyəti 1980-ci illərdə narkobaron Pablo Escobar tərəfindən ölkəyə gətirilmiş begemotların sayının azaldılması üçün tədbirlər görmək niyyətindədir.
Xia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ətraf mühit naziri Irene Vélez bu məqsədlə evtanaziya üsulunun tətbiqinin nəzərdən keçirildiyini bildirib.
Onun sözlərinə görə, bu addım populyasiyanı nəzarətdə saxlamaq üçün zəruridir. Proqnozlara əsasən, tədbirlər görülməzsə, 2030-cu ilə qədər begemotların sayı 500-ə çata bilər ki, bu da yerli ekosistemlərə, xüsusilə, su canlılarına ciddi zərər vuracaq.
Nazir vurğulayıb ki, məsələ ölkədə bioloji müxtəlifliyin qorunması ilə bağlıdır və bu heyvanlar regionun su mühitinə mənfi təsir göstərir. Bildirilir ki, plan çərçivəsində bu ilin ikinci yarısında təxminən 80 begemot seçilərək evtanaziya edilə bilər.
Qeyd edək ki, Kolumbiyadakı begemotların sayı əvvəlcə Eskobarın şəxsi təsərrüfatına gətirilmiş dörd heyvandan artaraq hazırda 200-ə yaxınlaşıb.