Gürcüstan yüksəkgəlirli xarici vətəndaşlara XÜSUSİ VİZA verəcək

RO298Hj7amrf3cL5Y4Xsn9vZWyho17YlCGQ9HxJw_1200

Gürcüstan hökuməti yüksəkgəlirli xarici vətəndaşlar üçün xüsusi viza növü tətbiq edib.

Xia.az  xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.

Bildirilib ki, bundan sonra yüksəkgəlirli əcnəbilər ölkədən çıxmadan 12 aya qədər qanuni şəkildə Gürcüstanda yaşaya və işləyə biləcəklər.

Qeyd olunur ki, Gürcüstan parlamenti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanuna düzəlişləri yekun olaraq təsdiqləyib. Deputatlar sənədi üçüncü oxunuşda qəbul ediblər.

Dəyişikliklər sayəsində ölkədə “C5” kateqoriyalı yeni çoxdəfəlik viza yaranacaq.

Nəşrdə qeyd olunub ki, viza beş il müddətinə qüvvədə olacaq. Bu vaxt ərzində viza sahibi Gürcüstanda ümumilikdə bir ilə qədər qala biləcək. Bu viza xarici şirkətlərdə distant işləyən və sabit yüksək gəliri olan insanlar üçün nəzərdə tutulub.

Məlumata görə, “C5” vizasına Gürcüstan üçün təhlükəli sayılmayan ölkələrin vətəndaşları müraciət edə biləcəklər. Əsas ərizəçi ilə birlikdə onun həyat yoldaşı, eləcə də yetkinlik yaşına çatmamış uşaqları da icazə alacaqlar. Bu, bütün ailəyə Gürcüstan ərazisində qanuni şəkildə yaşamağa imkan verəcək. Sözügedən vizanın alınmasının qiyməti isə 20 dollardan 500 dollara qədər olacaq.