İran ətrafındakı münaqişə fonunda mərkəzi banklar qızıl satmağa başlayıb
İran ətrafında yaranmış gərginlik səbəbindən nağd pula yaranan tələbat bəzi ölkələrin mərkəzi banklarını qızıl almaq əvəzinə onu satmağa məcbur edib.
Xia.az xəbər verir ki, bu barədə ekspert rəylərinə və statistik məlumatlara əsaslanaraq CNBC telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, maliyyə qurumları artan müdafiə və enerji xərclərini qarşılamaq, eləcə də dəyərdən düşən milli valyutalarını dəstəkləmək məqsədilə öz qızıl ehtiyatlarından istifadə etmək məcburiyyətində qalıblar. Bildirilir ki, bu cür meyil qiymətli metalın dəyərinin aşağı düşməsinə səbəb olub. Nəticədə qızılın spot qiyməti bir unsiya üçün 4.8 min dollara qədər ucuzlaşıb ki, bu da yanvar ayının sonundakı maksimum göstəricilərdən təxminən 10% aşağıdır və korreksiya zonasına keçib.
CNBC-nin məlumatına görə, Türkiyənin rəsmi qızıl ehtiyatları mart ayında 131 ton azalıb, çünki ölkə rəhbərliyi müharibə başlayandan bəri dollara nisbətdə təqribən 1.7% zəifləyən lirəni sabitləşdirməyə çalışıb. Telekanal bu cür addım atan digər ölkələr sırasında Qana və Polşanın da adını çəkir.