Tokayev: “Xəzər regionunda hərbi güc tətbiqi qadağan olunmalıdır”
“Xəzər dənizinin mühafizəsi regional davamlılıq, biomüxtəlifliyin qorunması və ekoloji balansın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.
Xia.az -ın “Sputnik Qazaxıstan”a istinadla yaydığı məlumata görə, bunu Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev deyib.
Astanada baş tutan Regional Ətraf Mühit Sammitində (RES2026) çıxış edən Tokayev Xəzər dənizinin sonrakı korlanmasının qarşısını almaq məqsədilə Qazaxıstanın dövlətlərarası proqrama start verdiyini bildirib. O, regional səviyyədə elmi tərəfdaşlığı inkişaf etdirmək üçün Xəzər Dənizi Tədqiqat İnstitutunu təsis etdiyini diqqətə çatdırıb.
“Biz bütün beynəlxalq tərəfdaşları bu bənzərsiz təbii sərvətin qorunub saxlanılması istiqamətindəki fəaliyyətlərə dəstək olmağa səsləyirik. Bu səbəbdən Xəzər hövzəsində hər cür hərbi qüvvə tətbiqi istisna olunmalı, hətta buna qadağa qoyulmalıdır. Regional fəaliyyətlərimizlə bərabər, su resursları sahəsində qlobal tərəfdaşlıq da bizim üçün mühüm prioritet olaraq qalmaqdadır”, – deyə prezident qeyd edib.
Qazaxıstan lideri həmçinin xatırladıb ki, o, 2025-ci ilin dekabr ayında BMT-nin ixtisaslaşmış qurumu kimi Beynəlxalq Su Təşkilatının təsis olunması təklifi ilə çıxış edib:
“BMT-nin hazırda çoxlu sayda mandatı yenidən nəzərdən keçirdiyini və qlobal idarəçilikdə effektivliyi artırmaq üçün imkanlar yaratdığını nəzərə alsaq, bu təşəbbüs xüsusi aktuallıq daşıyır. Şadıq ki, bu sammit çərçivəsində həmin təkliflə bağlı beynəlxalq məsləhətləşmələrin ilkin mərhələsi baş tutacaq. Eyni zamanda, biomüxtəlifliyin mühafizəsi də ekoloji siyasətimizin təməl istiqamətlərindən biri kimi çıxış edir”.
Dövlət başçısı əlavə edib ki, Astanada təşkil olunan bu ali toplantı planetimizin qorunmasının bütün bəşəriyyətin müştərək vəzifəsi olduğunu bir daha yada salır:
“Bu məsələ bəşəriyyətin və gələcək nəsillərin taleyi ilə sıx bağlıdır. Söhbət yalnız ekoloji problemdən getmir, bu, həm də mühüm mənəvi öhdəlikdir. Eyni zamanda, sülh və dayanıqlılıq üçün strateji prioritet, eləcə də iqtisadi zərurətdir. İnanıram ki, bugünkü dialoqlarımız mühüm nəticələr verəcək və davamlı gələcək naminə ortaq baxışımızı xalqlarımıza xeyir gətirəcək əməli fəaliyyətlərə çevirən genişmiqyaslı müştərək təşəbbüslərə yol açacaq”.
RES2026 EXPO beynəlxalq sərgisi 2026-cı ilin 22-24 aprel tarixlərində təşkil olunacaq və tədbirdə 30 müxtəlif ölkədən 300-ə yaxın şirkət təmsil olunacaq. Sərgi müddətində ümumilikdə 20 minədək ziyarətçinin iştirakı planlaşdırılır.