ABŞ-yə köçmək istəyənlərin sayı kəskin azalıb
ABŞ-yə yaşamaq üçün getmək arzusunda olan xarici vətəndaşların sayı ən aşağı səviyyəyə enib.
Xia.az məlumat verir ki, bu fakt Amerikanın “Gallup” sosioloji mərkəzinin ayrı-ayrı dövlətlərin əhalisi arasında həyata keçirdiyi sorğunun yekunlarına əsaslanır.
Araşdırmanın göstəricilərinə əsasən, sorğuda iştirak edənlərin 15%-i Birləşmiş Ştatlara miqrasiya etmək niyyətində olduğunu bildirib. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2007-2009-cu illərdə 24 faiz, 2017-ci ildə isə 18 faiz təşkil edib.
Bütün bunlara baxmayaraq, Amerika Birləşmiş Ştatları hələ də Latın Amerikası, Karib hövzəsi və Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrindən olan respondentlərin çoxu üçün ən cəlbedici mühacirət istiqaməti sayılır.
Paralel olaraq, vətənlərindən getməyi planlaşdıran ABŞ vətəndaşlarının göstəricisi nəzərəçarpacaq dərəcədə yüksəlib. Sorğulardan birinə əsasən, yaşı 45-ə qədər olan amerikalı qadınların 40 faizi hazırda Birləşmiş Ştatların hüdudlarından kənarda yaşamağı arzulayır. Halbuki 2014-cü ildə həmin kateqoriyaya daxil olan insanların cəmi 10 faizi belə bir niyyətinin olduğunu qeyd etmişdi.