Almaniyada Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinən Qazaxıstan vətəndaşı tutuldu
Almaniya Federativ Respublikasının Baş Prokurorluğu Berlində yad ölkənin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməkdə təqsirləndirilən Qazaxıstan vətəndaşının xüsusi əməliyyat nəticəsində saxlanıldığını elan edib.
Xia.az –ın məlumatına görə, bəyanatda qeyd olunur ki, Federal Məhkəmənin hakiminin 23 aprel 2026-cı il tarixli qərarı əsasında Qazaxıstan vətəndaşı Sergey K. prokurorluq tərəfindən aprelin 28-də tutulub.
Eyni zamanda təqsirləndirilən şəxsin və daha bir nəfərin mülkündə axtarış tədbirləri həyata keçirilib. Vurğulanır ki, saxlanılan şəxs birbaşa olaraq xarici dövlətin kəşfiyyat qurumuna xidmət etməkdə günahlandırılır.
Baş Prokurorluğun məlumatına əsasən, Sergey K. Almaniyada yaşayarkən azı 2025-ci ilin mayından Rusiya xüsusi xidmət orqanlarından biri ilə fasiləsiz təmasda olub:
“Saxlanılanadək o, öz kuratoruna mütəmadi olaraq fərqli xarakterli məlumatlar çatdırıb. Bu məlumatlar sırasına əsasən Almaniyanın Ukraynaya göstərdiyi hərbi yardım, həmçinin ölkənin hərbi-sənaye kompleksi, xüsusilə də pilotsuz uçuş aparatları və robot texnikası istehsal edən müəssisələr barədə detallar daxildir. Bununla yanaşı Sergey K. mütəmadi olaraq Berlindəki ictimai binaların, magistral yollarda hərəkət edən hərbi kolonların, o cümlədən NATO qüvvələrinə məxsus texnikanın şəkillərini çəkərək göndərib”.
Həmçinin iddia olunur ki, o, xüsusi xidmət orqanlarındakı əlaqələndiricisinə Almaniya ərazisində diversiya aktları törətmək üçün potensial hədəflər barədə məlumat verib. O cümlədən, başqa adamları da kəşfiyyat və təxribat fəaliyyətlərinə cəlb etmək üçün öz xidmətlərini təklif edib.