İlham Əliyev: “Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır”
“Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım, çünki torpaqlar işğaldan azad olunandan sonra birinci göstərişlərdən biri də o idi ki, bu torpaqları biz yenidən əkin dövriyyəsinə qaytaraq”.
Xia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli sakinləri ilə söhbət zamanı deyib.
“Hər dəfə, hər il əkin-biçin mövsümündən sonra arayış alıram və baxıram taxılçılığın inkişafı nə qədərdir. Ölkə üzrə yaxşı gedir, indi köhnə leksikonla desək, təqribən 35 sentner/hektardan, əslində, 3,5 ton. Maraqlanıram, Qarabağda nə qədərdir, çox az və sual yaranır ki, nə üçün? Çünki burada məsələn, torpaq çox münbitdir, siz də yaxşı bilirsiniz, çox məhsuldardır. Mənə indi izahat verilir ki, özü də xarici mütəxəssislər o cümlədən, ermənilər bu torpağı o qədər əziblər, o qədər qaydasız istismar ediblər ki, bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır. Ona görə də burada necə ki, bizim bütün təbii sərvətlərimizi talayıblar, istismar ediblər, torpağımızı da demək olar ki, böyük dərəcədə bərbad vəziyyətə salıblar. Ona görə indi müasir aqrotexniki tədbirlər, müasir suvarma sistemləri və kənd təsərrüfatının inkişafı ilə bağlı ümumi strategiyamız əsasında bu torpaqları canlandırmaq lazımdır. Çünki siz də yaxşı bilirsiniz ki, Azərbaycanın bir çox bölgələrində çox münbit torpaqlar var, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda. Sovet vaxtında burada üzümçülüyü yəqin ki, xatırlayırsınız”, – dövlət başçısı qeyd edib.