Avropa İttifaqından bloqerlərlə bağlı gözlənilməz addım
Avropa İttifaqı “TikTok” və “YouTube” platformalarında fəaliyyət göstərən bloqerlərin sammitlərə və nazirlərin bəzi görüşlərinə dəvət olunmasını nəzərdə tutan layihə hazırlayıb.
Xia.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Yeni qaydalara əsasən, bloqerlər Brüsseldə yerləşən Avropa İttifaqı Şurasının qərargahına giriş əldə edəcəklər. Hazırda həmin məkan yalnız akkreditə olunmuş jurnalistlər üçün açıqdır.
Bununla belə, bloqerlərə nazirlərə və dövlət liderlərinə sual verməyə icazə verilməyəcək.
Nəşrin yazdığına görə, Brüsseldə keçirilən işçi qrup toplantısında iştirak edən diplomatlar bu təşəbbüsü təəccüblə qarşılayıblar.
Bir sıra diplomatlar anonim şəkildə bildiriblər ki, onlar bu yeniliyin əlavə fayda verəcəyinə inanmırlar. Onların fikrincə, bloqerlər Avropa Şurasının fəaliyyəti barədə kifayət qədər məlumatlı deyillər.
Beynəlxalq Mətbuat Assosiasiyası da layihəni tənqid edib. Təşkilat qeyd edib ki, akkreditə olunmuş jurnalistlərdən fərqli olaraq, influenserlərin materiallarına görə kimdən maliyyə aldıqlarını açıqlamaq öhdəliyi yoxdur.