Azərbaycan Premyer Liqasında mövsümün 500-cü qolu qeydə alınıb

ukPTZeZLbSFPIMqM79HZaMoBf82OtYcymwsaDnC7_1200

Misli Premyer Liqasının 2025/2026 mövsümünün son turunda bir sıra əlamətdar göstəricilər qeydə alınıb.

Xia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, 33-cü turun “Sumqayıt” – “Qarabağ” görüşündə (3:4) mövsümün 500-cü qolu qeydə alınıb..

Yubiley qolunun müəllifi Rüstəm Əhmədzadə olub. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.

Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2004/2005 mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.

Qeyd edək ki, 2004/2005 mövsümündə 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.

Eyni zamanda, “Zirə” Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub. Yubiley topuna Junior Martins imza atıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.

Debütü 2015/2016 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Bundan başqa, son turda “Zirə”ni 3:2 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.

Vurğulanıb ki, Naxçıvan təmsilçisi öz meydanında keçirdiyi 74-cü oyunda bu göstəriciyə çatıb. Digər qarşılaşmalarda 20 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.

“Araz-Naxçıvan” ilk ev qələbəsini 2000/2001 mövsümündə əldə edib. 2001-ci il martın 12-də Quba “Şahdağ”ı ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə verilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” turnirin tarixinə öz meydanında ən azı 30 dəfə qalib gələn 26-cı komanda kimi düşüb.