Ərdoğan Pezeşkiana zəng etdi: Regiondakı gərginlik müzakirə olundu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Xia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Bildirilib ki, liderlər Türkiyə-İran ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal prosesləri müzakirə ediblər.
Prezident Ərdoğan danışıq zamanı regionda yaşanan münaqişələr səbəbindən Qurban bayramının hüzünlü qarşılandığını vurğulayıb. O, İran xalqının bu çətin günləri geridə qoyacağına və tezliklə əmin-amanlığa qovuşacağına inandığını ifadə edib.
“Dövlət başçısı regionda sülh və sabitliyin bərqərar olunması üçün Türkiyənin qardaş ölkələrlə birlikdə çalışdığını və aparılan danışıqların müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə davam edəcəyini bildirib”, – deyə məlumatda vurğulanıb.
Prezident Ərdoğan telefon danışığı zamanı İran liderini və xalqını Qurban bayramı münasibətilə də təbrik edib.