Argentina Futbol Assosiasiyasında ŞOK: Qaranlıq maliyyə əməliyyatlarının üstü açılır
ABŞ-nin üç federal prokuroru və Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Argentina Futbol Assosiasiyasının (AFA) Birləşmiş Ştatlardakı şübhəli maliyyə əməliyyatları ilə bağlı hərəkətə keçib və ifadələrin toplanmasına başlayıblar.
Xia.az “La Nacion” nəşrinə istinadən xəbər verir ki, genişmiqyaslı istintaq çərçivəsində hüquq-mühafizə orqanları AFA-ya məxsus yüz milyonlarla dolların ABŞ-nin bank sistemindəki hərəkətini izləməyə, habelə çirkli pulların yuyulması və ya dələduzluqla bağlı qanunların pozulub-pozulmadığını müəyyənləşdirməyə çalışırlar.
İlkin araşdırmanın mərkəzində teatr prodüseri Xavyer Faroniyə məxsus “TourProdEnter LLC” şirkəti dayanır. Faroni və həyat yoldaşı son illərdə AFA-nın beynəlxalq kommersiya müqavilələri, o cümlədən “Adidas” və “Warner” ilə olan razılaşmaları üzrə ödənişlərin yığılmasını həyata keçiriblər.
Məlumata görə, Faroninin şirkəti beş ABŞ bankındakı hesablar vasitəsilə 300 milyon dollardan çox vəsait köçürüb. Lakin bu tranzaksiyaların yalnız bir hissəsinin AFA-nın əməliyyat xərcləri kimi təsnif edilə biləcəyi qeyd olunur.
Xatırladaq ki, Argentina Təhlükəsizlik Nazirliyi AFA-nın şübhəli tranzaksiyaları barədə ABŞ-ni hələ 2024-cü ildə xəbərdar etmişdi. Lakin həmin vaxt FTB məsələ ilə bağlı istintaq başlatmamaq qərarına gəlmişdi.
2025-ci ilin dekabrında AFA rəhbərliyi, o cümlədən qurumun prezidenti Klaudio Tapia Argentinada büdcəyə sosial ödənişləri etməməkdə ittiham olunublar. Buna baxmayaraq, məhkəmə çoxmilyonluq girov müqabilində onun ABŞ-da keçirilən dünya çempionatına getməsinə icazə verib.
Xatırladaq ki, iyulun 12-də Argentina yığması dünya çempionatının dörddəbir finalında İsveçrə komandası ilə qarşılaşacaq.