Kənd təsərrüfatı torpaqlarını beş hektardan az satmaq mümkün olmayacaq

q3z2iYm5avfmaeJMMhB56uDIY7vdOwsojYA2DOco_1200

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və digər özgəninkiləşdirilməsi halları nəticəsində bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmadıqda yol veriləcək.

Xia.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü növbədənkənar plenar sessiyasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı zamanı həmin torpaq sahəsi ilə bilavasitə ümumi sərhədə malik olan torpaq sahələrinin mülkiyyətçiləri həmin torpaq sahəsini eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olacaqlar.

Dövlətin özgəninkiləşdirilmə ehtiyacları halları üçün istisna olmaqla fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və digər özgəninkiləşdirilməsi halları nəticəsində bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmadıqda yol veriləcək.

Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmayıbsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər: bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsinin ölçüsü 5 hektardan az olmasın. Bu bölgü mümkün olmazsa, torpaq onun üzərində yerləşən təsərrüfatla birlikdə satıla biləcək və vərəsələr öz paylarını pul şəklində ala biləcəklər.

Layihə müzakirə olunduqdan sonra birinci oxunuşda qəbul olunub.