Qəzzada sülhməramlıların yerləşdirilməsi təxirə salındı
Qəzza zolağı ərazisində beynəlxalq sabitliyi təmin edəcək qüvvələrin 10-20 nəfərlik ilkin qrupunun dislokasiyası ertələnib. ABŞ Prezidenti Donald Trampın ilkin planına əsasən, bölgəyə 20 minlik sülhməramlı kontingentin göndərilməsi planlaşdırılırdı.
Xia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərkibi Mərakeş hərbçilərindən formalaşan birinci qrupun iyunda Qəzzaya çatması gözlənilsə də, proses bir neçə aylıq təxirə salınıb. Bildirilir ki, sülhməramlı qüvvələr anklav daxilində fəaliyyətə keçməmişdən öncə, İsrail sərhədinə yaxın ərazilərdə xüsusi təlimlər almalıdırlar. Həmçinin gələcəkdə bu qrupa yeni əlavə qüvvələrin cəlb edilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs 2025-ci ilin oktyabrında qüvvəyə minib. Bu razılaşmanın tələblərinin yerinə yetirilməsini yoxlamaq məqsədilə ABŞ tərəfindən Sülh Şurası yaradılıb və həmin qurumun nizamnaməsinə 20 dövlət imza atıb. Donald Tramp bəyan edib ki, yaradılmış bu təşkilat Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərəcək.