İki əsrə yaxın neft tarixi olan Pirallahı turizm marşrutlarına nə vaxt daxil ediləcək?
Dünyanın bir çox şəhərlərində dəniz və ya göllərdəki adalara gəmi, yaxud qayıq turları turistlər üçün ən populyar marşrutlardan sayılır. İstanbulda Şahzadə adaları, Torontoda Toronto adaları həm yerli sakinlərin, həm də xarici qonaqların ən çox üz tutduğu məkanlardandır.
Xəzər dənizinin sahilində yerləşən Bakı yaxınlığında da adalar olsa da, onlar turizm marşrutlarına daxil edilmir və əlçatan deyil. Xəzərin ən böyük adası olan Pirallahıya səfərim zamanı “Bakı ətrafındakı adalar niyə turizm marşrutuna çevrilmir?” sualına cavab axtarmağa çalışdım.

İlk baxışdan sakitliyi və təbii gözəlliyi ilə diqqət çəkir
Pirallahı rayonu ilk baxışdan sakitliyi və təbii gözəlliyi ilə diqqət çəkir. Təmiz küçələr, sovet dövründən qalan səliqəli yaşayış binaları, yol kənarındakı hasarlar üzərində adanın tanıtımını əks etdirən rəsmlər adamda bir az nostalji hisslər də yaradır. Dəniz sahilinə yaxınlaşdıqca rayonun turizm üçün nə qədər əlverişli imkanlara malik olduğu hiss edilir.
Pirallahı vaxtilə “Artyom adası” kimi tanınıb. Sonradan adanın tarixi adı özünə qaytarılıb. Mənbələrə görə, ada qədim ziyarət yeri olub. Bura Nobel qardaşlarının ilk dəniz quyusunda neft çıxardıqları vaxtlardan məşhurlaşıb. Bu gün də ada ölkəmizin neft tarixində xüsusi yer tutur. Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan verib ki, ərazidə yeni obyektlərin tikintisi aparılsın, yeni qəsəbə salınsın. Vaxtilə ölkənin neft sənayesinin inkişafında mühüm rol oynamış ərazi bu gün də həmin dövrün izlərini qoruyub saxlayır. Hazırda da dənizdə gecə-gündüz çalışan buruqlar fəaliyyətdədir.
Əvvəllər materikdən ayrı olan rayonu Abşeron yarımadası ilə birləşdirən yol və “Damba” adlanan körpü-bənd indi adaya gediş-gəlişi asanlaşdırmağa xidmət edir.
Hazırda adada 20 min əhali yaşayır. Ada sakinləri arasında ruslar da var. Onlar yerli əhaliyə qaynayıb-qarışıblar. Sakinlər deyirlər ki, burada hamı bir-birinə doğmalaşıb, tanıdı-tanımadı bir-biriləri ilə salamlaşır, xeyir-şərdə yaxından iştirak edir, bir-birilərini tək qoymurlar.
