ABŞ-Meksika sərhədində narkokartellərin istifadə etdiyi yüzüncü tunel aşkar edilib

oCYgi0KxLZx6YqiNX9cv54jgYkN4zXsx2iXAlh7A_1200


ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti Kaliforniya ştatındakı San-Dieqo ilə Meksikanın Aşağı Kaliforniya ştatındakı Tixuana şəhəri arasında sərhədin 16 kilometrlik hissəsində Meksika narkokartellərinin qaçaqmalçılıq üçün istifadə etdiyi sayca yüzüncü yeraltı tuneli aşkar edib.

Xia.az xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.

ABŞ hökumət orqanlarının məlumatına görə, mürəkkəb yeraltı kommunikasiya şəbəkəsi Sinaloa karteli, “Yeni Nəsil Xalisko” karteli və Arelyano Feliks qardaşlarının kartelinin qalıqları arasında mübarizə obyektidir. Yüksək texnologiyalı tunellər San-Dieqonun sənaye zonalarına çıxır, havalandırma sistemləri, elektrik enerjisi və relslərlə təchiz olunub. Bu keçidlər cinayətkarlar tərəfindən yalnız şimala narkotiklərin, cənuba isə silah və nağd pulların daşınması üçün istifadə olunur. Xüsusi xidmət orqanlarının məlumatına görə, tunellərin tikintisi narkotik asılılığı olan şəxslərə həvalə edilir və onlar işlər başa çatdıqdan sonra öldürülürlər.

İnsan qaçaqmalçılığı üçün kartellər daha dar və primitiv keçidlərdən istifadə edirlər. ABŞ hökumət orqanları bu kommunikasiya xətləri vasitəsilə qanunsuz keçid cəhdlərinin qarşısını almaq üçün Tixuananın kanalizasiya sistemini ABŞ tərəfində iki yeraltı divarla bağlamağa məcbur olub.

Hazırda bu ərazini 2.2 min əməkdaş qoruyur, yaxın vaxtlarda daha 500 əməkdaşın gəlməsi gözlənilir.