Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların fotosunu “TikTok”da gördüm…” – TƏFƏRRÜAT
Adam öldürməkdə təqsirləndirilən 2010-cu il təvəllüdlü F.Paşazadənin barəsindəki cinayət işinin bəzi detalları məlum olub.
Xia.az Pravda.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama əsasən, yetkinlik yaşına çatmayan F.Paşazadə 2026-cı ilin aprelində gecə saat 2 radələrində bacısı S.P. (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olan 2007-ci il təvəllüdlü Ramal Quliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobili onların yaşadığı fərdi yaşayış evinin arxasında saxlamasından hiddətlənib. Təqsirləndirilən şəxs maşının evlərinin arxasında saxlanılmasının qəsəbədə ailələri barədə rüsvayedici söhbətlərin yayılmasına səbəb olduğunu düşünərək Ramal Quliyevdən qisas almaq və onu öldürmək qərarına gəlib.
- Şəmkirdə qanlı gecənin TƏFƏRRÜATI: 16 yaşlı gənc qətli bacısına görə törədibmiş – Cinayət işi başlandı
- Şəmkirdə öldürülən 19 yaşlı gəncin atası: “Həkimə vaxtında çatdırılsaydı, yaşayardı” – VİDEO
Bundan sonra o, evdən cib bıçağını götürərək Ramalın idarə etdiyi avtomobilə yaxınlaşıb. Maşının sol ön qapısını açdıqdan sonra əlindəki bıçaqla ona üç dəfə zərbə endirib.
Zərbələrdən biri qarının ön divarından periton boşluğuna keçərək böyük piyliyi, nazik bağırsaq ilgəyini və müsariqə arteriyasını zədələyib. Nəticədə Ramal Quliyev təxminən 2300 ml kəskin qan itkisinə məruz qalıb.
Məhkəmə materiallarında göstərilib ki, mərhumun sağ bazusunun aşağı üçdəbir hissəsinin arxa səthində və sol əlinin birinci barmağında da kəsilmiş yaralar müəyyən edilib.
Aldığı xəsarətlər nəticəsində Ramal Quliyev qəsdən həyatdan məhrum edilib.
Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan F.Paşazadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib. Lakin ifadəsində hadisənin bəzi məqamlarını istintaqın versiyasından fərqli şəkildə izah edib.
F.Paşazadə ifadəsində Ramal ilə bacısı arasında münasibət olduğunu öyrəndiyini söyləyib. O deyib ki, bacısı ilə Ramalın əl-ələ çəkilmiş fotosunu mərhumun “TikTok” sosial şəbəkəsində istifadə etdiyi profildə görüb. Həmçinin həmin profildə Ramalın avtoxuliqan kimi təqdim olunan şəkillərinin paylaşıldığını bildirib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Ramalla söhbət edib və bacısı ilə münasibətinin olub-olmadığını soruşub. Lakin Ramal bu suala cavab verməyib.
O, Ramala bacısı ilə münasibətlərinə son qoyması üçün iki dəfə xəbərdarlıq etdiyini, buna baxmayaraq mərhumun yenə də evlərinin qarşısından yüksək səslə musiqi qoşulmuş avtomobillə keçdiyini qeyd edib.
O deyib ki, hadisə vaxtı evlərinin arxa tərəfinə çıxarkən orada bir nəfərin olduğunu görüb. Ardınca evə gedərək bıçaq götürüb və həmin şəxsi qorxutmaq məqsədilə onun yanına yaxınlaşıb. Ramaldan kimi gözlədiyini soruşub. Ramal isə tanış bir adamı gözlədiyini bildirib.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, Ramal avtomobildən düşdükdən sonra qorxutmaq məqsədilə ona bir dəfə bıçaqla zərbə vurub. Bundan sonra Ramal onun evinə tərəf qaçıb.
F.Paşazadə hadisə zamanı məqsədinin Ramalı öldürmək olmadığını vurğulayıb.
Onun sözlərinə görə, Ramalı öldürmək niyyətində olsaydı, əlavə olaraq bir neçə dəfə də bıçaq zərbəsi endirə bilərdi.
O, həmin vaxt sərxoş olduğunu və bilmədən Ramalın qarın nahiyəsinə zərbə endirdiyini iddia edib.
Təqsirləndirilən şəxs bildirib ki, bıçaq zərbəsindən sonra Ramal onun yaşadığı evə qaçıb:
“Ona evdə anam və nənəm tərəfindən yardım göstərildi”.
Onlar xəstəxanaya aparılması üçün başqa şəxsə zəng etmək istəyiblər, lakin əlaqə yarada bilməyiblər.
F.Paşazadə Ramalı evin içərisində də bıçaqlamadığını və belə niyyətinin olmadığını deyib:
“Hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanıldım və şöbəyə aparıldım. Bıçağı da polis əməkdaşlarına təhvil verdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə barədə polisə bacısı məlumat verib:
“Polis şöbəsi ilə evimiz arasında təxminən 10 dəqiqəlik piyada məsafə var və bacım hadisədən 10-15 dəqiqə sonra yenidən hadisə yerinə qayıdıb”.
O, təcili yardım avtomobilinin gecikdiyini, özü isə avtomobil idarə edə bilmədiyi üçün Ramalı xəstəxanaya apara bilmədiyini bildirib.
F.Paşazadə ifadəsinin davamında Ramalı hadisədən təxminən 3-4 ay əvvəl tanıdığını deyib:
“Həmin vaxt o, çayçıda ofisiant işləyirdi”.
Təqsirləndirilən şəxs hadisə zamanı yaxınlıqda qonşuların olduğunu, Ramalla saat 1-2 radələrində qarşılaşdığını və onun avtomobilində gül gördüyünü də söyləyib.
O, Ramalın niyə onların evinə qaçdığını bilmədiyini, sonradan bibisinə zəng etdiyini qeyd edib.
Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi, atası da ifadə verib. O bildirib ki, hadisə gecə saat 2 radələrində baş verib. Həyat yoldaşı onu yuxudan oyadaraq Ramalın dava etdiyini, lakin kiminlə mübahisəsi yarandığını bilmədiyini söyləyib.
Daha sonra əmisi oğlu ilə birlikdə marketə getdiyini deyən hüquqi varisə təqsirləndirilən şəxsin bibisi zəng edərək Ramalın avtomobillə Şəmkir rayonuna aparıldığını bildirib:
“Biz marketə çatdıqda Ramalın xəstəxanaya aparıldığı barədə məlumat aldıq. Həmin xəstəxanaya getdik. Lakin xəstəxananın qarşısında mühafizəçilərlə danışdıqda Ramalın orada olmadığını öyrəndik”.
Daha sonra hüquqi varisə oğlunun meyitinin morqda olduğu barədə məlumat verilib.
Hüquqi varis ifadəsində oğlunun S.P. adlı qız ilə münasibətindən əvvəlcədən məlumatlı olmadığını, bunu qızın bibisindən öyrəndiyini qeyd edib.
Onun sözlərinə görə, S.P.-nin bibisi hadisədən təxminən 10 gün əvvəl onların evinə gələrək qızı tapa bilmədiklərini və onun Ramalın yanında ola biləcəyini deyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.