Ronaldu özündən çıxdı: “Bu, artıq futbol deyil”
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Liqasında “Ət-Taavun” və “Əl-Hilal” komandaları arasında keçirilən matçda baş verənlərdən narazılığını bildirib.
Xia.az bu barədə “A Bola” internet resursuna istinadən xəbər verir.
“Ət-Taavun” azarkeşləri qonaq komandanın yarımmüdafiəçisi Ruben Neveşi “Jota, Jota” qışqıraraq təxribata çəkiblər. Bu, yarımmüdafiəçinin bir il əvvəl avtomobil qəzasında həlak olmuş ən yaxın dostlarından biri Dioqu Jotaya işarə idi.
“Liqa tədbir görməli və azarkeşlərin bu cür davranışını cəzalandırmalıdır. Bu, artıq futbol deyil və hədlər olmalıdır. Özünü bu cür aparan insanlara bir daha stadiona daxil olmağa icazə verilməməlidir”, – deyə Ronaldu qeyd edib.
Xatırladaq ki, Dioqu Jota keçən ilin iyul ayında kiçik qardaşı ilə birlikdə avtomobil qəzasında həlak olub. O, Neveşlə birlikdə “Portu”, “Vulverhempton” və Portuqaliya milli komandasında çıxış edib.