Trampdan Çin şirkətlərinin İrana ABŞ bazalarının fotolarını verməsi iddasına dair açıqlama
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp iyulda üç hərbçinin həlak olduğu hücumdan öncə İranın İordaniyadakı ABŞ hərbi bazasının peyk fotolarının Çin şirkətlərindən əldə olunması ilə bağlı iddiaları rədd edib.
Xia.az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
Bildirilib ki, ÇXR rəhbəri Si Cinpinlə planlaşdırılan görüşdə bu mövzunu gündəmə gətirib-gətirməyəcəyi soruşulduqda, Donald Tramp konkret cavabdan yayınaraq, ABŞ və Çinin kəşfiyyat xidmətlərinin fəaliyyətlərini eyniləşdirib.
“Onlar, demək olar ki, bizim etdiyimiz işlərlə məşğuldurlar. Çinin bizə qarşı casusluq etdiyi deyiləndə, mən bildirirəm ki, siz düz deyirsiniz, biz də onların ardınca casusluq edirik”, – deyə Ağ Ev lideri qeyd edib.
Vaşinqtonda hər iki dövlət başçısının sentyabrın 24-də ABŞ ərazisində bir araya gələcəyi ehtimal olunur. Buna baxmayaraq, Çin tərəfi belə bir planı hələ rəsmi şəkildə təsdiq etməyib. Agentlik qeyd edir ki, Donald Trampın bu açıqlamaları, görünür ki, Dövlət Departamentinin Vaşinqtonla Pekin arasındakı dərin gərginliyi yumşaltmaq səyləri ilə uzlaşır. Bununla belə, “Reuters”in məlumatına görə, Birləşmiş Ştatlar Pekin və Tehran arasındakı yaxın münasibətlərdən doğan məyusluğunu gizli saxlamır.
Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal”ın ötən gün yayımladığı materialda İrana sözügedən görüntüləri təqdim edən Çin şirkətlərinin adlarını açıqlamaqdan imtina edən kimliyi gizli saxlanılan ABŞ nümayəndələrinin sözlərinə yer verilib. Bundan əlavə, mətndə Pekinin prosesdə birbaşa iştirakına dair hər hansı bir ittiham irəli sürülməyib.