Uşaqlıq həvəsi bahalı kolleksiyaya çevrildi: Britaniyalının kartları hərraca çıxarılır
Çardaqda tapılan “Pokémon” kartları britaniyalıya 350 min dollar qazandıra bilər.
Xia.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Adının açıqlanmasını istəməyən şəxs çardaqda saxladığı 42 dəst “Pokémon” kartının 350 min dollara satıla biləcəyini öyrənib. Hərrac təşkilatçılarının sözlərinə görə, kolleksiyanı görəndə heyrətlərini gizlədə bilməyiblər.
Kolleksiyanın sahibi bildirib ki, 1990-cı illərin sonlarında oğlu “Pokémon”a maraq göstərməyə başlayanda kartlar almağa başlayıb.
“Təsadüfi kartların olduğu qapalı paketləri davamlı almaqdansa, bütöv bir dəsti əldə etməyin daha sərfəli olduğunu düşündüm”, – deyə o qeyd edib.
Kartlar orijinal qovluqlarında, açılmamış vəziyyətdə qalıb. Oğlu bu kartlara marağını itirdikdən sonra isə kolleksiya çardaqda saxlanılıb.
“İnsanların çardaqda xəzinə tapması barədə danışdıqlarını bilirəm. Mənim vəziyyətimdə isə bu, sözün əsl mənasında belədir”, – deyə kolleksiyanın sahibi əlavə edib.