GORANBOY PEŞƏ MƏKTƏBİNDƏ CİDDİ İDDİALAR: SƏXAVƏT VERDİYEVİN FƏALİYYƏTİ SUAL ALTINDA!

WhatsApp-Image-2026-10-27-at-23.22.32

Olkemedia.az-ın redaksiyasına Goranboy Peşə Məktəbinin fəaliyyəti, kadr təyinatları və tədrisin təşkili ilə bağlı vətəndaş Elçin Abışov tərəfindən şikayət daxil olub.

Şikayətdə əsas iddialar Goranboy Peşə Məktəbində direktor səlahiyyətlərini müvəqqəti icra edən, eyni zamanda Laçın Peşə Məktəbinin direktoru olan Səxavət Verdiyevin fəaliyyəti ilə bağlıdır.

Elçin Abışov iddia edir ki, Səxavət Verdiyev Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları Şöbəsinin müdiri Murad Məmmədovun göstərişi ilə Goranboya göndərilib. Onun sözlərinə görə, bu təyinatın Xocalı filialının sabiq müdiri Mustafa Mustafayevlə bağlı mübahisələrə təsiri olub.

Şikayətçinin bildirdiyinə görə, sentyabrın 17-də Səxavət Verdiyevlə dərs bölgüsü və digər məsələləri müzakirə etmək istəyib. O, direktorun ona dərs yükü verilməyəcəyini bildirdiyini, daha sonra isə guya təhqir edilməsi ilə bağlı akt tərtib etdirmək istədiyini iddia edir. Abışovun sözlərinə görə, məktəbin bir sıra əməkdaşları həmin söhbətdə iştirak etmədikləri üçün aktı imzalamaqdan imtina ediblər.

Vətəndaş həmçinin məktəbə girişi ilə bağlı GESKO şirkətinin rəhbərliyinə şikayət edildiyini bildirir və dövlət müəssisəsinə daxil olmasının hansı əsasla qanunsuz hesab edildiyini sual edir.

Elçin Abışovun sözlərinə görə, sentyabrın 15-16-da müəllim çatışmazlığı səbəbindən 7 saat dərs keçib, lakin həmin dərslərə görə ödəniş almayıb. O, Xocalı filialında “Avtomobil təmiri çilingəri” ixtisası üzrə 30 saatdan çox dərsin boş keçdiyini, bir sıra fənn və modulların tədris olunmadığını, dərs planlarının isə oktyabrın 25-dək təsdiqlənmədiyini iddia edir.

Şikayətçi bildirir ki,təsdiqlənmiş dərs cədvəli və dərs jurnalları siniflərə yalnız oktyabrın 9-da paylanılıb. Onun sözlərinə görə, sentyabrın 22-də Goranboy Rayon Prokurorluğunun əməkdaşları məktəbdə sənədlərə baxış keçiriblər və həmin vaxt bəzi mühüm sənədlərin olmadığını müşahidə edib.

Abışovun iddialarına əsasən, “Heyvandarlıq” ixtisası üzrə diaqnostik qiymətləndirmədə 33 bal toplamış Ülviyyə adlı müəllim bu il “Aşpaz” ixtisası üzrə istehsalat təlimi ustası vəzifəsinə təyin edilib. Şikayətçi ixtisas uyğunluğunu və həmin peşə üzrə məktəbin maddi-texniki bazasının mövcudluğunu sual altına alır.

O, Xocalı filialında yeni işçilərin işə götürülməsi, növbətçilik cədvəllərinin tərtibi və digər kadr məsələlərinin də araşdırılmasını istəyir. Həmçinin dərzi qrupunun ustası Ayişə və avtomobil təmiri ustası Qulu müəllimlə bağlı məsələlərin yoxlanılmasını vacib sayır.

Elçin Abışov hesab edir ki, səsləndirdiyi iddialar aidiyyəti qurumlar tərəfindən araşdırılmalı, dərs bölgüsü, müəllimlərin işə qəbulu, tədris proqramlarının icrası və sənədləşmə məsələlərinə hüquqi qiymət verilməlidir.

Olkemedia.az olaraq bildiririk ki, müraciətdə səsləndirilən iddiaların həqiqətə uyğunluğu müstəqil şəkildə təsdiqlənməyib. Məsələ ilə bağlı hər kəsin mövqeyini dərc etməyə hazırıq.