Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il
10 noyabr – Azərbaycan tarixində yalnız bir müharibənin başa çatdığı gün deyil, uzun illər davam edən torpaq həsrətinin, milli iradənin və tarixi ədalət uğrunda mübarizənin yeni mərhələyə qədəm qoyduğu tarixdir.
2020-ci il noyabrın 10-u Azərbaycan xalqının yaddaşına İkinci Qarabağ müharibəsinin nəticələrini rəsmiləşdirən, regionun siyasi və geosiyasi mənzərəsini dəyişdirən mühüm tarixi hadisə kimi həkk olundu. Həmin gün Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla 44 gün davam edən Vətən müharibəsi başa çatdı, Ermənistan hərbi məğlubiyyətini qəbul etdi.
Lakin 10 noyabrın tarixi əhəmiyyəti yalnız hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmır, bu tarix, ilk növbədə, otuz ilə yaxın davam edən işğalın yaratdığı siyasi reallığın dəyişməsinin, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin etmək istiqamətində atdığı həlledici addımın ifadəsi idi.
Otuz il ərzində Azərbaycan torpaqlarının işğal altında qalması, yüz minlərlə insanın doğma yurd-yuvasından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi xalqımızın yaddaşında sağalmayan bir yaraya çevrilmişdi. Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar, beynəlxalq vasitəçilik səyləri və qəbul edilən sənədlər uzun illər ərzində nəticəsiz qalmışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılması ilə bağlı tələblər əksini tapsa da, bu qərarların icrası təmin edilmədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan vasitəçilik də münaqişənin həllinə gətirib çıxarmadı.
Belə bir şəraitdə Azərbaycan özünün ərazi bütövlüyünü təmin etmək üçün hərbi-siyasi iradəsini ortaya qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər yaşayış məntəqələri işğaldan azad edildi. Ordumuzun irəliləyişi Ermənistanın uzun illər ərzində yaratdığı hərbi-siyasi status-kvonu dəyişdirdi, “Böyük Ermənistan” mifini tarixin zibilliyinə göndərdi. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişində həlledici mərhələlərdən biri oldu və Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Həmin gün Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər isə tezliklə bütün ölkə ərazisində konstitusiya quruluşunun bərpa olunacağının, ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunacağından xəbər verirdi:
“Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin”.
Noyabrın 10-da Üçtərəfli bəyanatın imzalanması da məhz bu hərbi reallıqlar fonunda baş verdi. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, atəşin dayandırılması, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulurdu. Sənədin doqquzuncu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı müddəa da sənədin strateji əhəmiyyətini artırırdı. Uzun illər blokada şəraitində yaşayan Naxçıvanın ölkənin digər əraziləri ilə daha əlverişli əlaqəsinin qurulması perspektivi Azərbaycanın regional nəqliyyat və kommunikasiya xəritəsində mövqeyini gücləndirəcək mühüm istiqamət kimi ortaya çıxırdı.
Bəyanatın mühüm siyasi məqamlarından biri isə Qarabağın gələcək statusu ilə bağlı hər hansı müddəanın sənəddə yer almaması idi. Bu, münaqişənin siyasi müstəvidə həlli baxımından yeni reallıq formalaşdırırdı. Azərbaycan döyüş meydanında qazandığı üstünlüyü diplomatik müstəvidə də təsdiqləyirdi.
İlham Əliyevin dediyi kimi:
“Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo”.
Beləliklə, 10 noyabr bəyanatı müharibənin dayandırılmasını rəsmiləşdirməklə yanaşı, Azərbaycanın hərbi meydanda yaratdığı reallıqların siyasi sənəddə əksini tapmasına şərait yaratdı. Bu sənəd Zəfərin diplomatik müstəvidə təsdiqi idi.
2023-cü ilin sentyabrı: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilir
10 noyabr bəyanatı ilə Azərbaycanın qarşısında duran tarixi vəzifələrin hamısı yekunlaşmamışdı. Ermənistan tərəfinin bəyanatdan irəli gələn öhdəlikləri tam yerinə yetirməməsi, Qarabağda qeyri-qanuni silahlı birləşmələrin mövcudluğunu davam etdirməsi, hərbi təxribatlar və separatçı strukturların fəaliyyətini qorumaq cəhdləri bölgədə gərginliyi saxlayırdı. Təbii ki, Azərbaycan üçün öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu və paralel idarəçilik sistemi heç bir halda qəbul edilmirdi. Məhz bunun nəticəsi idi ki, 2023-cü il sentyabrın 19-da başlayan və cəmi bir gündən az çəkən lokal xarakterli antiterror tədbirləri bu baxımdan yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusunun cəmi bir gündən az davam edən əməliyyatı nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin qalıqları tərksilah edildi, separatçı rejimin mövcudluğuna son qoyuldu. Bu mərhələnin nəticələri Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərində bərpası ilə yekunlaşdı.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üzərində Azərbaycan dövlətinin suverenliyinin bərpası ilə Qarabağda separatizmin uzun illər davam edən tarixi də başa çatdı. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda Azərbaycan bayrağını ucaltması bu tarixi prosesin rəmzinə çevrildi. Xüsusilə Xankəndinin mərkəzində üçrəngli bayrağımızın dalğalanması təkcə dövlət atributunun ucaldılması deyildi. Bu, onilliklər ərzində torpaqlarından didərgin düşmüş insanların yaddaşında yaşayan qayıdış arzusunun, dövlətin ərazi bütövlüyünü və suverenliyini təmin etmək iradəsinin təcəssümü idi.
Prezident İlham Əliyev həmin gün Xankəndidəki çıxışında belə demişdi:
Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il – Foto/Video
“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Dövlət başçısının bu fikirləri otuz ildən artıq davam edən münaqişənin nəticəsini ifadə edirdi.
Beləliklə, 2020-ci ildə hərbi qələbə ilə əsası qoyulan proses 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə yeni tarixi mərhələyə keçdi. Əgər 10 Noyabr bəyanatı işğalın nəticələrinin aradan qaldırılması istiqamətində mühüm siyasi-hərbi mərhələ idisə, 2023-cü ilin sentyabrı dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edildiyini göstərdi.
Zəfərdən sülh gündəliyinə: Vaşinqton mərhələsi
Azərbaycanın qarşısında duran növbəti mühüm vəzifə hərbi münaqişədən sonrakı reallıqları davamlı sülhə, regional əməkdaşlığa və iqtisadi inteqrasiyaya çevirmək idi. Həmin torpaqlarda həyatın bərpası, insanların doğma yurdlarına qayıtması, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsi də tarixi Zəfərin ayrılmaz hissəsidir. Bu baxımdan 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə regionun gələcək siyasi arxitekturası baxımından əhəmiyyətli hadisə oldu. Həmin görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətnini parafladılar. Eyni zamanda, tərəflər ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciət imzaladılar. Bu, otuz ildən artıq davam edən vasitəçilik formatının tarixə qovuşması istiqamətində mühüm addım idi. Vaşinqton Bəyannaməsinin diqqətçəkən istiqamətlərindən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının təmin edilməsi məsələsi oldu. Sənəddə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsinin yaradılması üçün çərçivənin hazırlanması nəzərdə tutulurdu. Bir zamanlar Ermənistanın blokadaya almağa çalışdığı Naxçıvanın yeni regional bağlantılar vasitəsilə daha geniş iqtisadi və nəqliyyat imkanları əldə etməsi perspektivi Azərbaycanın uzunmüddətli strateji maraqları ilə uzlaşır. 2026-cı il noyabrın 7-də isə Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin iştirakı ilə TRIPP layihəsinin irəlilədilməsi üçün üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətə başladığı elan edildi. İlk qrupların nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətlərində çalışması nəzərdə tutulur. Beləliklə, 2020-ci il bəyanatında əksini tapan kommunikasiya məsələsi illər sonra konkret texniki planlaşdırma mərhələsinə keçib. Bu ardıcıllıq Azərbaycanın müharibədən sonrakı siyasətində yeni mərhələni göstərir. Hərbi müstəvidə əldə edilmiş nəticələrin diplomatik və iqtisadi müstəvidə möhkəmləndirilməsi.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və “Böyük Qayıdış”
Altı il əvvəl imzalanan 10 Noyabr bəyanatına bu gün nəzər salarkən yalnız siyasi sənədin müddəalarını, hərbi əməliyyatların nəticələrini və diplomatik prosesləri xatırlamaq kifayət deyil. Bu tarixə daha geniş mənada yanaşmaq lazımdır. Çünki otuz il ərzində Qarabağ həsrəti ilə yaşayan insanlar üçün qələbə xəbəri sadəcə hərbi uğur deyildi. Bu, bir gün doğma evlərinin qapısını yenidən açmaq, uşaqlıq xatirələrinin izinə düşmək, ata-babalarının məzarlarını ziyarət etmək ümidi idi. Bu ümid uğrunda minlərlə Azərbaycan vətəndaşı canından keçib şəhid, yaralanıb qazi oldu.
Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi Zəfərin mənəvi məzmununu tamamlayan prosesdir. Azərbaycanın keçdiyi yol bir həqiqəti də ortaya qoydu: beynəlxalq hüququn prinsipləri kağız üzərində qalanda, qəbul edilən qətnamələr icra olunmayanda, uzun illər davam edən danışıqlar nəticəsiz qaldıqda dövlətin öz milli maraqlarını müdafiə etmək iradəsi və imkanları xüsusi əhəmiyyət qazanır. Azərbaycanın hərbi gücü, iqtisadi potensialı, diplomatik fəaliyyəti və xalq-ordu birliyi bu tarixi prosesin əsas amilləri oldu. Bu baxımdan, 10 noyabrın altıncı ildönümü həm də gələcək nəsillərə ötürüləcək mühüm bir tarixi dərsdir.
2020-ci ilin 10 noyabrında xalqa müraciət edən Prezident İlham Əliyevin sözləri isə həmin günün mənəvi və siyasi mahiyyətini ifadə edən tarixi müraciət kimi yadda qaldı:
Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il – Foto/Video
“Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”