Türkiyədə iki yeni neft yatağı kəşf edildi
Türkiyə İraqla sərhəddə yerləşən Qabar bölgəsində ümumi ehtiyatı ilkin qiymətləndirmələrə görə 135 milyon barel olan iki yeni neft yatağı aşkar edib.
Xia.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
“Qabarda Türkiyənin ən yüksəkkeyfiyyətli neftindən 75.4 milyon barel hasil edirik. İndiyədək Qabarda neft hasilatı Türkiyənin tədiyə balansının cari əməliyyatlar hesabındakı kəsirinin azaldılmasına 6 milyard dollar məbləğində töhfə verib”, – deyə o bildirib.
Ərdoğan qeyd edib ki, yeni yataqların işlənməsi və əlavə quyuların istismara verilməsi nəticəsində regionda gündəlik neft hasilatı 30% artacaq.
Dövlət başçısının sözlərinə görə, Türkiyə 2027-ci ilin ikinci yarısında Qabar bölgəsində gündəlik neft hasilatını 100 min barelə çatdırmağı planlaşdırır.
Bu planların həyata keçirilməsinin ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar töhfə verəcəyi gözlənilir.