İraqda Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb
İraq baş nazirinin dəftərxanası ölkənin keçmiş prezidenti Səddam Hüseynə məxsus təyyarənin satışına icazə verib.
Xia.az “The Economic Times” nəşrinə istinadən xəbər verir ki, hava gəmisinin qiyməti 900 min dollar təşkil edir.
Bununla yanaşı, Bağdad eyni qiymətə daha bir təyyarəni satışa çıxarmağı planlaşdırır. Hər iki hava gəmisi 1991-ci ildən İraqdan kənarda saxlanılır.
Nəşrin məlumatına görə, bu, təyyarələrin satışına dair ilk cəhd deyil. “AeroCorner” portalının məlumatına əsasən, Bağdad 2010-cu ildən bu hava gəmilərini satmaq üçün addımlar atır. Təyyarələrin qiyməti də əhəmiyyətli dərəcədə artıb: 2023-cü ildə onların hər biri 494 min dollara təklif olunurdu. Bu, indiki qiymətdən təxminən iki dəfə azdır. Lakin daha aşağı qiymətə baxmayaraq, həmin vaxt alıcı tapılmadığından sövdələşmə baş tutmayıb.