ABŞ ordusu İrandakı hərbi obyektlərə növbəti zərbələr endirib
ABŞ hərbçiləri İrana qarşı həyata keçirilən növbəti hücumlar seriyasını yekunlaşdırıb.
Xia.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.
“CENTCOM bölmələri ardıcıl on birinci gecə İrandakı hədəflərə zərbələr endirməyi başa çatdırıb. Mərkəzi Komandanlığın əsas hədəfləri sırasında İranın əməliyyat mərkəzləri, hərbi dəniz donanması vasitələri, təyyarə anqarları, pilotsuz uçuş aparatlarının saxlanma bazaları və hərbi təchizat infrastrukturu yer alıb”, – deyə komandanlığın “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunur.
Eyni zamanda İran mediasının məlumatına görə ABŞ Silahlı Qüvvələri İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri yaxınlığında yerləşən hərbi obyekti hədəfə alıb.
Məlumata əsasən, şəhərin öz daxilindəki infrastruktur obyektləri zərər görməyib.
ABŞ qoşunları İrana növbəti zərbələr dalğası zamanı Banə, Kəbudər-Ahəng və Sirik şəhərlərini də atəşə tutublar. Daha əvvəl Xuzistanın Bəndər-Mahşəhr və Behbəhan, həmçinin Təbriz, Çabahar və Buşehr şəhərlərində partlayış səslərinin eşidildiyi bildirilmişdi.
“Tasnim”in məlumatında qeyd olunur ki, Banə şəhərindən kənarda yerləşən bir obyektə ziyan dəyib. Kəbudər-Ahəngə isə hava zərbəsi endirilib. İtkilər və yaralılar barədə hələlik dəqiq məlumat verilmir.