Azərbaycanda avtomobil istehsalı artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 51.2 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Xia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun istehsalı real ifadədə 0.8 faiz azalıb.
Hesabat dövründə emal sənayesində isə 16 milyard 982.9 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3.4 faiz çoxdur.
Azərbaycanda avtomobil istehsalı artıb – Foto
Emal sənayesində ən yüksək artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında qeydə alınıb. Bu sahədə istehsal 76.8 faiz artıb.
Bundan başqa, əczaçılıq məhsullarının istehsalı 60.4 faiz, toxuculuq sənayesi 47.6 faiz, tütün məmulatlarının istehsalı 16 faiz, kağız və karton istehsalı 14.5 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarının istehsalında 8.5 faiz, elektrik avadanlıqlarının istehsalında 8 faiz, tikinti materiallarının istehsalında 7.1 faiz, qida məhsullarının istehsalında 6.4 faiz, metallurgiya sənayesində isə 6.1 faiz artım qeydə alınıb.