MUSTAFA MUSTAFAYEVİN TƏYİNATLARI NECƏ ƏSASLANDIRILIR?Screenshot_20261015_194418_Gallery
Goranboy Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Xocalı filialı ətrafında baş verənlər ciddi suallar doğurur. Söhbət filial müdiri vəzifəsində çalışan Mustafa Mustafayevdən, onun barəsində aparıldığı bildirilən yoxlamadan, sonrakı karyera yolundan və yenidən rəhbər vəzifəyə gəlmək niyyətindən gedir.
Xia.az xəbər verir ki, Redaksiyamıza Elçin Abışov tərəfindən edilən müraciətdə Mustafa Mustafayevlə bağlı ciddi iddialar yer alır. Bildirilir ki, 2024–2025-ci tədris ilində aparılmış yoxlama zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi — mənimsəmə və ya israf etmə ilə bağlı məsələ üzrə cinayət işi başlanıb. Müraciətdə qeyd olunur ki, dövlətə dəymiş ziyanın ödənilməsindən sonra cinayət işinə xitam verilib.
Dövlət vəsaiti ilə bağlı bu qədər ciddi məsələ araşdırıldığı halda, niyə əvvəlcə yalnız töhmətlə kifayətlənilib? Təhsil müəssisəsində rəhbər vəzifə daşıyan şəxsin məsuliyyəti hansı meyarlarla qiymətləndirilib? Dövlətə dəymiş ziyanın ödənilməsi vəzifə məsuliyyəti məsələsini aradan qaldırırmı?
Mustafa Mustafayev daha sonra isə işdən azad edilib. Ancaq məsələ bununla bitməyib.
Sual doğuran tərəflərindən biri də budur ki, Mustafa Mustafayev Xocalı filialının müdiri vəzifəsindən azad edildikdən sonra necə oldu ki, Goranboy Rayon Təhsil Sektorunda təsərrüfat müdiri vəzifəsində çalışmağa başladı?
Axı söhbət dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsi ilə bağlı araşdırmada adı çəkilən şəxsdən gedir.
BELƏ BİR KEÇMİŞİ OLAN ŞƏXSİN TƏHSİL SİSTEMİNDƏ YENİDƏN MƏSUL VƏZİFƏYƏ GƏTİRİLMƏSİ HANSI MEYARLARLA ƏSASLANDIRILIB?
İşdən azad edilmə faktı, dövlət vəsaiti ilə bağlı araşdırmanın nəticələri və sonrakı təyinat arasında hansı əlaqələr olub? Onun təsərrüfat müdiri vəzifəsinə təyin olunması zamanı əvvəlki fəaliyyəti nəzərə alınıbmı? Bu təyinatı həyata keçirən şəxslər hansı meyarlara əsaslanıblar?
Daha bir məqam isə Mustafa Mustafayevin əmisi oğlu Əvəz Mustafayevin adı ətrafında yaranan suallardır. Müraciətdə Əvəz Mustafayevin Təhsil Nazirliyinin hüquq şöbəsində mütəxəssis işlədiyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan resursları şöbəsinin müdiri Murad Məmmədovla əvvəlki iş münasibətlərinin olduğu bildirilir.
BƏS MUSTAFA MUSTAFAYEVİN ƏVVƏLKİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİKDƏN SONRA YENİDƏN TƏHSİL SİSTEMİNDƏ MƏSUL VƏZİFƏYƏ GƏTİRİLMƏSİNDƏ HƏR HANSI ŞƏXSİ ƏLAQƏ VƏ YA HİMAYƏDARLIQ ROL OYNAYIBMI? ƏVƏZ MUSTAFAYEVİN BU PROSESDƏ HƏR HANSI TƏSİRİ OLUBMU?
Bu suallar təsdiqlənmiş fakt kimi deyil, araşdırılmalı və cavablandırılmalı məsələlər kimi qarşıya qoyulur.
Dövlət vəsaiti ilə bağlı araşdırma aparılmış şəxsin yenidən məsul vəzifəyə təyin olunması öz-özlüyündə qanunsuzluq demək deyil. Ancaq belə qərarların hansı əsaslarla verildiyi şəffaf olmalıdır. Təhsil sistemində vəzifələr şəxsi münasibətlərə görə deyil, qanunvericiliyə, peşəkarlığa və obyektiv meyarlara əsasən müəyyənləşdirilməlidir.
Mustafa Mustafayevin Goranboy Peşə Təhsil Mərkəzinə direktor olmaq niyyətində olduğu da iddia edilir.
Məsələnin daha ciddi tərəflərindən biri də Goranboy Peşə Təhsil Mərkəzinin əməkdaşlarına təzyiq göstərilməsi barədə iddialardır.
Müraciətə əsasən, Mustafa Mustafayev bəzi müəllimlərə onun işdən çıxarılması zamanı tərtib edilən akta niyə imza atdıqlarını irad tutur, gələcəkdə direktor olacağı təqdirdə həmin əməkdaşlara problem yaradacağını bildirir.
SÖHBƏT TƏHSİL İŞÇİLƏRİNƏ QƏBULOLUNMAZ TƏZYİQ GÖSTƏRİLMƏSİNDƏN GEDİR!
Heç bir əməkdaş imzaladığı sənədə görə hədə-qorxu ilə üzləşməməlidir. İşçilərin yoxlama zamanı rəsmi sənədlə bağlı mövqeyini bildirməsi sonradan onlara qarşı qisas tədbirlərinin görülməsinə əsas ola bilməz. Bu iddialar aidiyyəti qurum tərəfindən araşdırılmalı, müəllimlərin təzyiqsiz iş şəraiti təmin edilməlidir.
Peşə təhsili müəssisələri şəxsi münasibətlərin, qarşılıqlı ittihamların və vəzifə uğrunda mübarizənin meydanına çevrilməməlidir. Burada əsas məqsəd gənclərə keyfiyyətli peşə təhsili vermək, dövlət vəsaitini qorumaq və qanunçuluğu təmin etməkdir.
Qarşı tərəfin cavabını da dərc etməyə hazırıq.