Gəncədə anasının imtina etdiyi 40 günlük uşaq körpələr evinə yerləşdiriləcək.
Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, hazırda məsələ nəzarətdə saxlanılır:
“Anasının imtina etdiyi uşaq körpələr evinə yerləşdiriləcək. Hazırda məsələ nəzarətdə saxlanılır. Gəncədə uşağından imtina edən ana ilə Sosial Xidmətlər Agentliyinin əməkdaşları görüşüblər. Ona sosial yardım təklif olunub, lakin qadın razılaşmayıb.
Hazırda körpənin ümumi vəziyyəti yaxşıdır. Bir müddətdən sonra körpələr evinə yerləşdiriləcək. Məsələ komitə tərəfindən nəzarətdə saxlanılır”.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir:
“Fevralın 10-u saat 12:35-də 2025-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub.
Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub.
Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir”.
Qeyd edək ki, hadisə ötən gün baş verib. Cinsiyyəti qız olan körpəni anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini, körpənin körpələr evinə verilməsini istəyib.