Üç min tələbə, 32 ixtisas: Peşə Təhsil Mərkəzindən FOTOREPORTAJ
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2020-ci ildə 10 nömrəli Bakı Peşə Məktəbi, 1, 12 və 17 nömrəli Bakı Peşə Liseyinin birləşdirilməsi əsasında yaradılıb.
24xeber.az PhotoStock.az-a istinadən xəbər verir ki, mərkəz qısa müddət ərzində üç minə yaxın tələbə və üç yüzdən çox pedaqoji heyətlə respublikanın ən böyük peşə təhsil müəssisələrindən birinə çevrilib.
Hazırda müəssisədə 32 ixtisas üzrə 167 qrup fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi əmək bazarının tələblərinə uyğun, yüksəkixtisaslı və peşəkar kadrların hazırlanmasıdır.
Tədris prosesi nəzəri biliklərlə yanaşı, istehsalat təlimi və praktiki məşğələlər əsasında təşkil olunur. Məzunlar qida sənayesi, neft-qaz sektoru, kimya sənayesi, mebel və ağac emalı sahəsi, logistika şirkətləri, maliyyə və mühasibatlıq, informasiya texnologiyaları, eləcə də xidmət sektorunda uğurla fəaliyyət göstərirlər.
Mərkəzdə sənaye yönümlü ixtisaslarla yanaşı, tətbiqi sənət sahələri də tədris edilir. Bu istiqamətlərdən biri olan ağac nəqqaşlığı ixtisası üzrə tələbələr ağac üzərində naxış və ornamentlərin işlənməsi, dekorativ elementlərin hazırlanması və ənənəvi oyma texnikalarının tətbiqi sahəsində bilik və bacarıqlar əldə edirlər.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən hazırlanan fotoreportajı təqdim edirik:

















